“Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” qeyd edilmişdir
1 avqust 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə Heydər Əliyev Mərkəzində elmi-praktiki konfrans keçirilmişdir.
Rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların, ictimaiyyət nümayəndələrinin, ziyalıların, gənclərin iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirmişdir ki, hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.
XX əsrdə Azərbaycan dili müxtəlif dövrlərdə ciddi çətinliklərlə üzləşmişdir. Xüsusilə 70-ci illərdə sovet ideologiyasının təsiri ilə milli dillərin sıxışdırılması, rus dilinin üstünlük mövqeyinə gətirilməsi Azərbaycan dilinin də məhdudiyyətlərə məruz qalmasına səbəb olmuşdur. O illərdə dil məsələsini gündəmə gətirmək cəsarət tələb edirdi. Lakin Ulu Öndər Heydər Əliyev bütün çətinliklərə baxmayaraq Azərbaycan dilini qorumaq və inkişaf etdirmək üçün ardıcıl və prinsipial mövqe sərgiləmişdir.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi uğrunda aparılan mübarizədə 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsinə Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi böyük tarixi hadisə oldu. Bu, bilavasitə Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi nəticəsində mümkün olmuşdur.
Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Həmin vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı.
Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar müstəqilliyimizin ilk ili olan 1991-ci ildə qəbul edilsə də, bütövlükdə yeni əlifbaya keçid prosesinin başlanması və onun uğurla başa çatdırılması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafına, onun rəsmi dövlət dili statusu almasına, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açmasına nail olmaqla bəyan etdi ki, ana dilinə sevgi və məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcudur. Məhz Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Həmçinin qeyd etmişdir ki, Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə böyük həssaslıqla yanaşır. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamı kütləvi nəşrlərin latın qarafikasına keçirilməsi prosesini sürətləndirmiş və milli kitabxana fondunu zənginləşdirmişdir. Ölkə başçısının 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib.
Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.
Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.
Bu gün dilimizin inkişafının əsas qarantı məhz ölkə Prezidenti və onunla çiyin-çiyinə möhtəşəm layihələrə imza atan Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın folklorumuzun, aşıq musiqisinin, muğamlarımızın, maddi və qeyri-maddi mədəni irsinin inkişafında göstərdiyi misilsiz xidmətlər ana dilimizin qorunması üçün ən vacib amillərdən biri kimi dəyərləndirilməlidr.
Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Çünki bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur. Onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
Çıxışlarda Azərbaycan dilinin dünya dilləri içərisində layiqli yer tutmasından, zənginliyinin və saflığının qorunmasından söz açılmışdır.
Sonra tədbir bədii kompozisiya ilə davam etmişdir.






