Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə Qax rayonunda “Müəllimlərin VI Şəbəkələşmə Forumu
06 iyul 2026 | 18:10
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının tərəfdaşlığı ilə Qax rayonunda “Müəllimlərin VI Şəbəkələşmə Forumu: Müxtəliflikdə Birlik, Təhsildə Əməkdaşlıq” mövzusunda tədbir keçirilib.
Forumda Rayon rəhbərliyi, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova və Azərbaycanın müxtəlif bölgələrindən məktəbəqədər, ümumi, orta ixtisas və ali təhsil müəssisələrinin 600-dən çox pedaqoji işçisi, gənc müəllimlər iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Forumda Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək bildirib ki, rayonumuz qədim tarixə, zəngin mədəni irsə və tolerantlıq ənənələrinə malik bir diyarda belə bir forumun keçirilməsi xüsusi rəmzi məna daşıyır. Əsrlər boyu müxtəlif xalqların, dillərin və dinlərin sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşadığı Qax rayonu ölkəmizin multikultural dəyərlərinin canlı nümunəsidir. "Müxtəliflikdə birlik" ideyası xalqımızın həyat tərzini, dövlətimizin siyasətini və milli-mənəvi dəyərlərini özündə əks etdirir.
Azərbaycan Respublikasında təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər hər zaman bildirirdi ki, "Təhsil millətin gələcəyidir." Bu müdrik fikir bu gün də ölkəmizdə həyata keçirilən təhsil siyasətinin əsas istiqamətlərini müəyyən edir.
Məhz Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf xətti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident təhsilin inkişafını ölkənin uzunmüddətli tərəqqisinin əsas təminatlarından biri kimi qiymətləndirərək bu sahəyə xüsusi diqqət və qayğı göstərir.
Son illər ölkəmizdə yüzlərlə yeni məktəb binasının tikilməsi və əsaslı təmiri, təhsil müəssisələrinin müasir maddi-texniki baza ilə təmin olunması, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi, müəllimlərin sosial rifahının yüksəldilməsi, əməkhaqlarının artırılması və təhsildə keyfiyyətin yüksəldilməsinə yönəlmiş islahatlar məhz bu siyasi iradənin nəticəsidir.
Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da xidmətləri xüsusi qeyd olunmalıdır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən ölkəmizin hər yerində, o cümlədən bölgələrdə yüzlərlə yeni məktəb inşa edilmiş, təhsil müəssisələri əsaslı şəkildə yenidən qurulmuş, məktəblərin maddi-texniki bazası gücləndirilmişdir. Fondun həyata keçirdiyi layihələr Azərbaycan təhsilinin müasirləşməsinə, sağlam və savadlı gənc nəslin yetişdirilməsinə mühüm töhfələr verməkdədir.
Müasir dövrdə müəllim təkcə bilik verən insan deyil. Müəllim milli-mənəvi dəyərlərin daşıyıcısı, vətənpərvərlik ruhunun aşılayıcısı, gələcəyin memarıdır. Bu gün Azərbaycanın qazandığı böyük uğurların, dövlətimizin qüdrətinin və cəmiyyətimizin inkişafının təməlində savadlı insan kapitalı dayanır. Güclü təhsil olmadan güclü dövlət qurmaq mümkün deyil.
Şəbəkələşmə forumları müəllimlərin peşəkar inkişafına, qabaqcıl təcrübələrin paylaşılmasına, innovativ yanaşmaların tətbiqinə və əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Bu cür platformalar təhsilimizin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
"Müxtəliflikdə birlik" anlayışı bu gün Azərbaycan dövlətinin əsas ideoloji sütunlarından biridir. Müxtəlif mədəniyyətlərin, dillərin və ənənələrin qorunması, qarşılıqlı hörmət mühitinin gücləndirilməsi təhsil vasitəsilə gələcək nəsillərə ötürülür. Məktəb yalnız elm ocağı deyil, həm də vətəndaş yetişdirən müqəddəs bir məkandır.
Əminəm ki, bu forum müəllimlər arasında yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qabaqcıl təcrübələrin öyrənilməsinə və ümumilikdə Azərbaycan təhsilinin inkişafına mühüm töhfə verəcəkdir.
Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edərək, müəllimlərin peşəkar inkişafının dəstəklənməsinin, regionlararası əməkdaşlığın genişləndirilməsinin və təhsildə innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıb, müəllim şəbəkələrinin inkişafı, təhsil sahəsində həyata keçirilən islahatlar və müasir dövrün çağırışları ilə bağlı fikirlərini bölüşüblər. Həmçinin forumun təhsil ictimaiyyəti arasında peşəkar əməkdaşlığın inkişafına, müəllimlərin təcrübə mübadiləsinin genişləndirilməsinə və müasir təhsil yanaşmalarının təşviqinə mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
Forum çərçivəsində müasir təhsil gündəmini əhatə edən aktual mövzular üzrə mütəxəssis təqdimatları keçirilib.
Tədbirin bədii hissəsində Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Buta” rəqs qrupunun ifasında milli rəqslər təqdim olunub, Şəki Dövlət Regional Kollecinin “İpək qızlar” qrupunun ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.






