Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəsmi xəbərdarlıq və müraciətlərinə uyğun olaraq, Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dənli və texniki bitkilərin yığılması mövsümündə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunmuş geniştərkibli yığıncaq keçirilib
04 iyun 2026 | 18:19
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəsmi xəbərdarlıq və müraciətlərinə uyğun olaraq, Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dənli və texniki bitkilərin yığılması mövsümündə yanğın təhlükəsizliyinin təmin edilməsinə həsr olunmuş geniştərkibli yığıncaq keçirilib.
Yığıncaqda Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəsmiləri, idarə və müəssisələrin rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri və sahibkarlar iştirak ediblər.
Görüşdə qeyd olunub ki, hər il dənli və texniki bitkilərin yığılması mövsümündə dövlət tərəfindən genişmiqyaslı qabaqlayıcı tədbirlər görülsə də, bəzi hallarda müəyyən səbəblərdən yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi ciddi fəsadlara yol açır. Baş verən yanğınlar nəinki taxıl sahələrinin, həmçinin kənd təsərrüfatı texnikalarının, meşə zolaqlarının və fermaların məhvinə səbəb olur. Bu isə ölkə iqtisadiyyatına və vətəndaşların şəxsi təsərrüfatına külli miqdarda maddi ziyan vurur.
Yığıncaqda biçin ərəfəsində və məhsul yığımı dövründə yanğın riskini minimuma endirmək üçün profilaktik tədbirlərin görülməsi, biçinə cəlb olunacaq bütün kombayn və traktorların ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, taxıl zəmilərinin yol kənarlarından və meşə zolaqlarından şumlanma yolu ilə ayrılması kimi məslələr müzakirə olunub və müvafiq tapşırıqlar verilib.
Kəndlərdə, fermer təsərrüfatlarında və əhali arasında yanğın təhlükəsizliyi qaydaları ilə bağlı mütəmadi olaraq maarifləndirmə və izahat işlərinin aparılması davam etdirilir.






