Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür
12 noyabr 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “12 Noyabr-Konstitusiya Günü” münasibəti ilə YAP rayon təşkilatının inzibati binasında rayon rəhbərliyi, YAP rayon təşkilatının rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələrinin iştirakı ilə elmi-praktik konfrans keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər.
Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev çıxış edərək qeyd edib ki, 12 Noyabr - Konstitusiya Günü xalqın iradəsini, hüquqi və demokratik dövlət yolunda qətiyyətini təcəssüm etdirən gündür. Azərbaycan Respublikasının Konstitusiyası həm dövlətin hüquqi əsaslarını, həm də xalqın mənəvi dəyərlərini ifadə edir.
E.Tağıyev çıxışında vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya xalqımızın çoxəsirlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, dünyavi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır. Cənab Prezident İlham Əliyevin 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncamı isə tarixi Zəfərimizin regionda və dünya siyasətində yol açdığı yeniliklərin, eyni zamanda, 1995-ci ildə Milli Konstitusiyamızın qəbul edilməsindən ötən dövr ərzində Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənən mövqeyinin təqdimatında əsaslı rol oynayacaqdır.
Tədbirdə çıxış edən natiqlər 2025-ci il dövlətçilik tariximizdə “Konstitusiya və Suverenlik İli” kimi xüsusi əhəmiyyət və məna daşımasından, konstitusiyanın Azərbaycan Respublikasının dayanıqlı inkişafının, demokratik dəyərlərinin və hüquqi sabitliyinin əsas təminatçısı olmasından söz açmışlar.






