Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2008-ci il tarixli Fərmanına əsasən, hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
02 noyabr 2026 | 12:12
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2008-ci il tarixli Fərmanına əsasən, hər il noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Bu əlamətdar gün dövlətimizin aqrar sahəyə, torpağa bağlı insanlara və onların zəhmətinə verdiyi yüksək qiymətin ifadəsidir.
Azərbaycanın kənd təsərrüfatının inkişaf tarixindən danışarkən Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi qeyd etmək lazımdır. Ulu Öndərin rəhbərliyi dövründə kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, respublikada pambıqçılıq, üzümçülük, taxılçılıq, heyvandarlıq və digər ənənəvi təsərrüfat sahələrinin inkişafı üçün geniş imkanlar yaradılmışdır. Aqrar sahədə istehsal infrastrukturu gücləndirilmiş, elmi yanaşmaların tətbiqinə və məhsuldarlığın artırılmasına xüsusi diqqət yetirilmişdir.
Müstəqilliyimizin ilk illərində isə Ulu Öndərin rəhbərliyi ilə aqrar sahədə köklü islahatlara başlanılmışdır. Torpaq islahatının həyata keçirilməsi, torpaqların vətəndaşların xüsusi mülkiyyətinə verilməsi, kolxoz və sovxoz sistemindən yeni təsərrüfatçılıq münasibətlərinə keçid kənd təsərrüfatında yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Xüsusilə 1995-ci ildə aqrar islahatların əsasları, 1996-cı ildə isə torpaq islahatı haqqında qanunların qəbul edilməsi Azərbaycanın aqrar tarixində mühüm dönüş nöqtəsi olmuşdur.
Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu aqrar siyasət Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir və yeni mərhələyə yüksəldilir.
Son illərdə kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyinin genişləndirilməsi, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, güzəştli kreditlərin verilməsi, aqrar sığorta sisteminin inkişafı, texnika və avadanlıqlara əlçatanlığın artırılması, müasir suvarma sistemlərinin tətbiqi istiqamətində mühüm addımlar atılmışdır.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, fermerlərin dövlət dəstəyi mexanizmlərindən daha şəffaf və operativ yararlanması, aqrar sahədə innovasiyaların və müasir texnologiyaların təşviqi kənd təsərrüfatının rəqabətqabiliyyətliliyinin artırılmasına xidmət edir.
Bütün bu tədbirlər ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, yerli istehsalın artırılması, kənd yerlərində məşğulluğun təmin olunması və fermerlərin sosial rifahının yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası cənab İlham Əliyev tərəfindən 25 may 2026-cı il tarixdə sərəncam imzalanmışdır.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər üzrə rayomumuzdada bir sıra işlər görülmüşdür.
Aqrar potensialı, münbit torpaqları, əlverişli təbii-iqlim şəraiti və zəngin kənd təsərrüfatı ənənələri ilə seçilən Qax rayonunda da bu sahənin inkişafı xüsusi əhəmiyyət kəsb edir.
Rayonumuzda fındıqçılıq, taxılçılıq, tütünçülük, heyvandarlıq, arıçılıq, baramaçılıq və digər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Bu imkanlardan səmərəli istifadə edilməsi, fermerlərin təşəbbüslərinin dəstəklənməsi və təsərrüfatlarda müasir yanaşmaların tətbiqi qarşıda duran əsas vəzifələrdəndir.






