Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycan xalqının ən qədim və sevilən bayramlarından biri olan Novruz bayramı yazın gəlişini, təbiətin oyanışını və yeni ilin başlamasını simvolizə edir

17 mart 2026 | 19:10
Azərbaycan xalqının ən qədim və sevilən bayramlarından biri olan Novruz bayramı yazın gəlişini, təbiətin oyanışını və yeni ilin başlamasını simvolizə edir. Novruza aparan yol isə dörd çərşənbədən keçir.
Respublikamızın hər yerində olduğu kimi Qax şəhərində və rayonumuzun bütün kəndlərində də çərşənbələr yüksək əhval-ruhiyyədə qeyd olunur. Rayon rəhbəri Elvin Paşayev Yel çərşənbəsi münasibətilə Cəlayir kəndində təşkil olunan el şənliyində iştirak etmişdir. Bayram şənliyinin əvvəlində dövlət himni səsləndirilmiş, şəhidlərimizin xatirəsi ehtiramla yad olunmuşdur.
Dədə Qorqud və Bahar qızı şənlik iştirakçılarını qədim adət-ənənələrimizdən olan Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza bahar təravətli günlər arzulamışlar.
Meydanın mərkəzində qurulmuş bayram tonqalı şəhid Təbriz Rəsulzadənin atasının iştirakı ilə alovlandırılmışdır. Sonra rayon rəhbərliyi və şənlik iştirakçıları xonçalarla bəzədilmiş bayram süfrələri, milli mətbəx nümunələri ilə tanış olublar.
Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tədbir iştirakçılarını baharın gəlişi münasibətilə təbrik edib və Novruz bayramının ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş ölkəmizin bütün ərazisində geniş qeyd olunduğunu diqqətə çatdıraraq milli-mənəvi dəyərlərimizin, qədim adət-ənənələrimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Bildirib ki, hər il beynəlxalq səviyyədə qeyd olunan bu bayram müstəqilliyimizin, milli dəyərlərə hörmət və ehtiramımızın göstəricisidir.
Novruzun personajları olan Kosa və Keçəl şənlik boyunca məzəli oyunları, dadlı və duzlu zarafatları ilə hamıya xoş əhvali-ruhiyyə bəxş ediblər.
Bayram şənliyi kəndin bədii özfəaliyyət, rəqs və folklor kollektivlərinin hazırladıqları maraqlı konsert proqramı ilə davam edib.
Bu çərşənbələrin sonuncusu- İlaxır çərşənbə xalq arasında xüsusi təntənə ilə qeyd olunur və bayramın ən mühüm mərhələsi hesab edilir. İlaxır çərşənbə novruzdan əvvəlki son çərşənbədir və "Yer çərşənbəsi", "Torpaq çərşənbəsi" də adlanır. Xalq inancına görə bu gün təbiət tam oyanır, il təzələnir. İnsanlar köhnə ilin ağırlıqlarından, çətinliklərindən qurtulmaq, yeni ilə saf və təmiz niyyətlərlə daxil olmaq üçün müxtəlif mərasimlər həyata keçirirlər. Bu gün həmdə ailə birliyinin, qohumluq münasibətlərinin möhkəmləndiyi gündür. İlaxır çərşənbə axşamı Azərbaycan evlərində xüsusi bayram süfrəsi hazırlanır. Süfrənin əsas bəzəyi səməni, şirniyyat və milli yeməklərdir. Paxlava, şəkərbura, qoğal kimi şirniyyatlar bolluq və bərəkətin simvolu hesab olunur. Beləliklə ilaxır çərşənbə insanlara birlik, sevinc və yenilənmə hissi bəxş edir.
İlaxır çərşənbə Azərbaycan xalqının qədim adət-ənənələrinin yaşadıldığı, ailə və cəmiyyət bağlarının möhkəmləndiyi ən gözəl mərasimlərdən biridir.
Bu günün əsas mahiyyəti insanın özünü yeniləməsi, gələcəyə ümidlə baxması və yazın gəlişini sevinclə qarşılamasıdır.
Rayonumuzda da son çərşənbə olan İlaxır çərşənbə münasibətilə müxtəlif yaşayış məntəqələrində tonqallar qalanmış, bayram süfrələri qurulmuşdur.
Keçidlər