Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Azərbaycanda arıçılıq həm qədim ənənələrə malik, həm də müasir dövrdə iqtisadi baxımdan ən perspektivli sahələrdən biridir

06 aprel 2026 | 16:54

Azərbaycanda arıçılıq həm qədim ənənələrə malik, həm də müasir dövrdə iqtisadi baxımdan ən perspektivli sahələrdən biridir. Ölkəmizin rəngarəng iqlimi və zəngin florası bu sahənin yüksək səviyyədə inkişafı üçün təbii bir zəmin yaradır.

Azərbaycanda arıçılığın inkişafı son illərdə həm dövlət dəstəyi, həm də işğaldan azad edilmiş ərazilərin zəngin təbiəti sayəsində yeni bir mərhələyə qədəm qoyub. Bu sahədə görülən tədbirlər kənd yerlərində məşğulluğun artırılmasına və ixrac potensialının gücləndirilməsinə xidmət edir. Ölkədə arıçılığın inkişafı ilə bağlı arıçılara göstərilən maliyyə dəstəyi bu sahəyə marağın daha da artmasında həlledici rol oynayır. Ölkə başçısının müvafiq sərəncamına əsasən, arıçılıqla məşğul olan şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiya verilir.

Azərbaycan balının həm daxili, həm də xarici bazarlarda rəqabət qabiliyyətini artırmaq üçün brendləşmə ən strateji addımlarda biri hesab olunur. Bu istiqamətdə görülən tədbirlər məhsulun sadəcə “Kənd təsərrüfatə malı” deyil, yüksək əlavə dəyəri olan  “milli brend” kimi tanınmasına yönəlib. Bu gün “Made in Azerbaijan” loqosu altında vahid dizaynlı qablaşdırma formalarının tətbiqi genişləndirilir. Məhsulun laboratoriya analizlərindən keçməsi və üzərində xüsusi nəzarət markalarının olmasıbrendi saxta məhsullardan qoruyur. Həmçinin Azərbaycan balının dünya miqyasında tanıdılması üçün aktiv marketinq tədbirləri görülür. Dünyanın ən böyük qida sərgilərində “Dağ balı”, “Cökə balı” kimi növlər xarici distrübütorlara təqdim edilir.  

Zəngin floraya malik olan Qax rayonu da Azərbaycanın arıçılıq mərkəzlərindən biri sayılır. Regionun zəngin meşə örtüyü, dağlıq relyefi və qədim arıçılıq ənənələri “Qax balı”nın  müstəqil bir brend kimi formalaşması üçün bütün zəruri komponentlərə malikdir. Son illər rayonda arıçılığın inkişafı istiqamətində məqsədyönlü iş aparılır.

Belə ki 2025-ci il ərzində rayon ərazisində 920 arıçılıq təsərrüfatında 28 648 ədəd arı ailəsi qeydə alınmışdır. Rayon ərazisindəki arıxanalarda əsasən Karnika, Bakfast, Boz Qafqaz mələzlərindən istifadə olunur.

           Arıçılıqda-damazlıq arıçılıq təcrübəsinin genişləndirilməsi, genefond arıxanalarının yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili istiqamətində görülən işlərin nəticəsi kimi son illərdə rayonda arı ailələrinin sayında, bal və digər arıçılıq məhsullarının istehsalında əhəmiyyətli artım müşahidə olunmaqdadır.

            Damazlıq-seleksiya işinin yüksək səviyyədə aparılması arıçılığın inkişafında mühüm rol oynayır. Qax rayonunda tarixən mövcud olan və dünyada ən məhsuldar arı cinslərindən sayılan Boz Qafqaz cinsi artıq cırlaşıb, mələzləşib. Bu gün arıların cins tərkibinin yaxşılaşdırılması  arıçıların ən ümdə məsələsidir. Arıçılıqda məhsul istehsalına müsbət təsir edən əsas amillərdən biri erkən yaz dövründə arı ailələrinə düzgün qulluq edilməsidir. Yaz mövsümündə arıçıların arı pətəklərində görəcəyi işlər bol məhsulun əldə olunması baxımından əhəmiyyətlidir. Arı xəstəliklərinin vaxtında aşkarlanmaması, xəstəliklərə qarşı mübarizə tədbirlərinin görülməməsi arı ailəsinin məhv olmasına gətirib çıxarır. Bundan başqa xəstəliklər nəticəsində zəifləmiş ailələrdə məhsuldarlıq da aşağı düşür.

            Qaxda fəaliyyət göstərən Arıçılıq Mərkəzi brendləşmənin elmi və texniki mərkəzidir. Məşhur Qafqaz Dağ Boz Arısının təmiz cinsinin məhz burada saxlanılması brendin etiket göstəricisidir.

            Azərbaycanda şabalıd meşələrinin böyük hissəsi Qax və ətraf rayonlarda cəmləşib. Bu Qax üçün spesifik bir niş brend yaradır. Şabalıd balı antioksidantlarla zənginliyinə görə dünyada çıx yüksək qiymətləndirilir. Bu gün rayonda brendin tanıdılması üçün “təsərrüfatdan süfrəyə” konsepsiyası tətbiq edilir. Turistlərin arıxanalara səfəri, bal süzülməsində iştirakı və yerində dequstasiyası “Qax balı”nın canlı reklamıdır.

Qaxda keçirilən bal festivalları brendin həm ölkə daxilində, həm də xarici turistlər arasında məşhurlaşmasına xidmət edir. Qax balının brendləşməsi həm də rayonun “Ekoloji Təmiz Zona” imicini gücləndirir və yerli iqtisadiyyata böyük töhfə verir.

 

 

           

Keçidlər