Azərbaycanın COP29-a ev sahibliyi etməsi, ölkəmizin beynəlxalq aləmdəki fəal və konstruktiv rolunun qiymətləndirilməsi deməkdir
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Ölkəmiz qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir.
İki həftə davam edən, olduqca mühüm qərarların qəbul edildiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) uğurla başa çatdı.
COP29-un yüksək səviyyəli təşkilinə və uğurlu ev sahibliyinə görə Bakı Sammitinin sonuncu günü Azərbaycana rəsmi təşəkkür elan edilməsi barədə qətnamənin qəbul olunması ölkəmizin çəkdiyi zəhmətə verilən qiymətdir.
COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.
COP29-da 2015-ci ildən bəri ilk dəfə olaraq 6-cı maddənin tam şəkildə işlək vəziyyətə gətirilməsi qərarı verildi. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Həmçinin bu qərarlar real, əlavə, təsdiqlənə və ölçülə bilən emissiya azalmaları və aradan qaldırılmaları vasitəsilə onların qlobal iqlim investisiyalarını təşviq etmək potensialını da ortaya çıxaracaq.
COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrimin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutulması oldu. Belə ki, İtki və Zərər Fondunun tam şəkildə 2025-ci ildən əməli fəaliyyətə başlayacaqdır. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu.
COP29-un yekununda qəbul olunan digər qərarla Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksək səviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrinin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək.
Bundan başqa, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.
Bütün bunlar isə onu göstərir ki, COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət presedent yaradıb. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün öz səylərini əsirgəmədi. Bunun nəticəsində beynəlxalq ictimaiyyət Bakıda əldə olunan tarixi nailiyyətə şahidlik etdi.
COP29-un ev sahibi kimi Azərbaycan bütün dünyaya sübut etdi ki, bəşəriyyəti narahat edən məsələlərin müzakirəsi üçün əlverişli məkandır və o, qlobal tədbirləri yüksək səviyyədə təşkil edə və zəruri nəticələrin əldə olunmasına dəyərli töhfələr verməyə qadirdir. Məhz buna görə Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyən, Bakının irəli sürdüyü təşəbbüslərdən, yaratdığı real imkanlardan qarşılıqlı şəkildə faydalanmağa can atan dövlətlərin sayı gündən-günə artır.
Bütün bu amillər, eyni zamanda, dövlətimizin xarici arenadakı dost çevrəsini genişləndirir, ölkəmizə və xalqımıza rəğbət bəsləyənlərin sayını daha da artırır. Artıq arxada qoyduğumuz COP bizə dostlarımızı və bədxahlarımızı bir daha yaxından tanımaq imkanı verdi.
Azərbaycanın sürətli inkişafından, artan nüfuzundan narahat olan qüvvələrin qarayaxma kampaniyaları yenə məğlubiyyətə uğradı. Azərbaycan bu tədbirdə də yaratdığı reallığı tarixi gerçəkliyə çevirməyi bacardı. Bu uğurların əsasında xalq–lider birliyinin sağlam zəminə malik olması durur.