Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bayramınız mübarək olsun

15 iyun 2024 | 19:27

Bütün dünya müsəlmanları tərəfindən qeyd edilən Qurban bayramı İslam dininin ən müqəddəs bayramlarından biri hesab olunur. Bəşəriyyəti sülhə, ədalətə, bərabərliyə səsləyən İslam dini öz bayramları ilə insanlar arasında mərhəməti, həmrəyliyi, xeyirxahlığı təcəssüm etdirir.               
           Tarix boyu özünün zəngin milli-mənəvi və dini dəyərlərinə həmişə sadiq qalmış Azərbaycan xalqı dünya müsəlmanları ilə həmrəylik nümayiş etdirərək bu mübarək günləri böyük təntənə ilə qarşılayır. Çətin və böyük siyasi təzyiqlərə, mürəkkəb tarixi şəraitlərə baxmayaraq sovet dönəmində bele bu bayram xalqımız tərəfindən qeyd olunmuşdur.  Müstəqillik bərpa edildikdən sonra isə dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Qurban bayramı rəsmi şəkildə qeyd olunur.

      Dinimizə böyük dəyər verən Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində müqəddəs  dini bayramlarımız yüksək səviyyədə qeyd olunmuş, məscidlər tikilmiş, dini ibadətgahlar, müqəddəs məkanlar bərpa edilmişdir. Ulu öndər dini bayramlar zamanı  həmişə xalqın yanında olmuş, onları təbrik etmişdir.

Bu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin formalaşmasına, İslam dəyərlərinin dünyada təbliğinə nümunəvi töhfələr verir.

          Hər il olduğu kimi bu il də cənab Prezident İlham Əliyev İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edərək, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin ölməz xatirəsini bir daha ehtiramla yad etdi.

         Qədim tarixə və mədəniyyətə malik olan xalqımız İslam dünyasının bir parçası kimi bu bayramı dini qaydalara uyğun olaraq hər il böyük Allah sevgisi ilə qeyd edir, qurbanlar kəsir, xeyirxah əməllər təbliğ olunur.    
Bu bayram günündə ehtiyacı olan şəxslərə, həssas əhali qruplarına, uşaq və qocalar evlərinə yardımlar edilir. Bu xeyriyyə işində Heydər Əliyev Fondunun və Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri əvəzsizdir.

 Hər il Qurban bayramında xalqımız Uca Yaradandan torpaqlarımızın işğaldan azad olunmasını, məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını diləyərək, arzu edirdilər.    
Allaha şükürlər olsun,  Qurban bayramını artıq ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində qarşılayırıq.
         Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, xalqımızın birliyi və güclü ordumuzun əzmi ilə 44 gün ərzində işğal altındakı torpaqlarımız  düşmən əsarətindən azad olundu. Qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.        
         Qəhrəman Azərbaycan əsgərinin işğaldan azad olmuş ərazilərdə dövlətimizin üçrəngli bayrağını ucaltması, Qarabağdakı məscidlərin minarələrindən azan səsinin eşidilməsi İlahi ədalətin təcəssümüdür.            
          Allah Vətən uğrunda, bu şanlı zəfər yolunda canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin!

          Rayon İcra Hakimiyyəti rayon ictimaiyyətini dünya müsəlmanlarının böyük təntənə ilə qeyd etdiyi müqəddəs Qurban bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, ailələrinə xoşbəxtlik, süfrələrinə bol ruzi və xeyir-bərəkət arzulayır.


Bayramınız mübarək!

 

Keçidlər