Bələdiyyələrin gördüyü işlər barədə məlumat
Rayonun yaşayış məntəqələrinin infrastruktur təminatının yaxşılaşdırılması və əhalinin sosial-məişət şəraitinin yüksəldilməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin əsas prioritet istiqamətlərindən biridir. Məlum olduğu kimi, son dövrlərdə respublikamızda, eləcə də rayon ərazisində intensiv yağan yağışlar bəzi ərazilərdə müəyyən çətinliklər və fəsadlar törətmişdir. Yaranmış problemlərin aradan qaldırılması üçün Zəyəm-Tasmalı bələdiyyəsi tərəfindən Qarabaldır kəndində qrunt suları suötürücü kanala yönləndirilmiş, Tasmalı və Lələpaşa kəndlərində yağış sularının axıdılması və qabaqlayıcı tədbirlər həyata keçirilmiş, Qındırğa kəndində isə Lahıc çayının daşması nəticəsində həyətlərə dolan suyun qarşısının alınması istiqamətində işlər görülmüşdür. Eyni zamanda bələdiyyə tərəfindən suötürücü kanallarda xüsusi texnikanın köməyi ilə lildən təmizləmə işləri aparılmışdır.
İntensiv yağışlardan sonra yararsız hala düşmüş kəndarası yol və küçələrin təmiri məqsədilə Qum bələdiyyəsi tərəfindən Güllük, Ləkit, Ləkit-Malax, Zərnə, Süskənd, Qum və Çinarlı kəndlərinin daxili yollarına ümumilikdə 780 m3 həcmində qum-çınqıl tökülərək xüsusi texnikanın köməyi ilə hamarlanması təmin olunmuşdur.
Qıpçaq bələdiyyəsi tərəfindən yağış suları nəticəsində keçilməz hala gəlmiş Sarıbaş kəndinin yolu təmir edilmişdir.
Leysan yağışlarından Qobala çayının daşması nəticəsində Qaxingiloy kəndi ərazisində yaranan fəsadlar Qaxbaş bələdiyyəsi tərəfindən aradan qaldırılmışdır.
İlisu bələdiyyəsi tərəfindən İlisu kəndində Səngər məhəllədə yerləşən məscidin dam örtüyündə və ön fasad hissəsində təmir işləri aparılmışdır. Bələdiyyə tərəfindən ərazidə təmizliyin və sanitariya-gigiyena normalarının qorunması nəzarətdə saxlanılmış, Ağçay kəndində və İlisu kəndində Ulu körpü ətrafında məişət tullantılarının yığışdırılması təmin edilmişdir.
Ərazidə bələdiyyələr tərəfindən yol kənarlarının təmizlənməsi və iməciliklərin keçirilməsi mütəmadi olaraq davam etdirilir.






