Beynəlxalq Ailə günü qeyd olundu
15 may 2025-ci il tarixdə Beynəlxalq Ailə Günü münasibətilə rayonda keçirilən sil-silə tədbirlərin davamı olaraq Heydər Əliyev Mərkəzində rayon rəhbərliyi, YAP fəalları, şəhid və qazi ailələri, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə toplantı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini, İctimaİ-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirdi ki, 15 may hər il ölkəmizdə Beynəlxalq Ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərliyi dövrlərində ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, ailələrin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görmüş, ailə münasibətlərini tənzimləyən zəngin hüquqi baza yaratmışdır. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. Onun uşaqlara xüsusi qayğısı, ailələrin problemlərinə diqqəti həmin genişmiqyaslı, çoxsaylı tədbirlərdə özünü göstərir.
Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədilə rayonumuzda da dövlət ailə siyasəti uğurla həyata keçirilməkdədir. Aztəminatlı ailələr, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzillə təminatı diqqətdə saxlanılır, onların sosial müdafiəsi gücləndirilir.
Tədbirdə çıxış edənlər ailə dəyərlərindən, milli adət-ənənələrdən, sağlam ailə təməlinin qurulması və qorunub saxlanılmasının sirrlərindən danışmış, qarşılıqlı hörmət və məhəbbət sayəsində qurulan ailələrin daha uzunömürlü və xoşbəxt olmasından bəhs etmişlər.
Daha sonra tədbir geniş konsert proqramı ilə davam etdirilib.