Bu gün dövlətimizin əsas məqsədi uşaqların əmin-amanlıq və sülh içində yaşamasıdır
1 İyun-Uşaqların Beynalxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi 1 İyun-Uşaqların Beynalxalq Müdafiə günü Azərbaycanda da təntənə ilə qeyd edilir.
1 İyun-Uşaqların Beynalxalq Müdafiə günü ilə bağlı 31 may 2025-ci il tarixdə İçəri bazar Mədəniyyət və Turizm kompleksində rayon İcra Hakimiyyətinin dəstəyi , uşaq müəssisələrinin, mədəniyyət və İncəsənət kollektivlərinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa xanım Heydərova rayon rəhbərliyi adından uşaqları təbrik edərək bildirdi ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib. Uşaqların yaxşı təhsil və təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi yetişməsi Ulu Öndərin daim diqqətində olub. 1 iyun -Uşaqları Beynəlxalq Müdafiə Gününün ölkəmizdə hər il geniş qeyd edilməsi də məhz bu siyasətdən irəli gəlir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan uşaq-gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir. Azərbaycan dövlətinin bugünkü siyasəti ölkədə uşaqların firavan həyatının, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının müdafiəsinə yönəlib və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Bu gün ölkəmizdə uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə alması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılıb. Azərbaycan dövlətinin ölkəmizin hər yerində olduğu kimi Qarabağda və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının, uşaq bağçalarının qurulmasına xüsusi diqqət ayrılır. Eyni zamanda, şəhidlərimizin ailə üzvləri və onların yadigarları dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunub.
Həmçinin ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də uşaq hüquqlarının müdafiəsi prioritet istiqamətlərindən biridir. Ölkəmizdə uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu böyük tədbirlər görür. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına yönəlib.
Bu gün dövlətimizin əsas məqsədi uşaqların əmin-amanlıq və sülh içində yaşamasıdır. Azərbaycanın sabahı, gələcəyi olan uşaqlar çox xoşbəxtdirlər ki, işğal altında olan torpağın deyil, qalib və müstəqil ölkənin övladlarıdırlar.
Daha sonra tədbir uşaq incəsənət məktəbinin, mədəniyyət müəssisələrinin uşaq rəqs və folklor kollektivlərinin maraqlı konsert proqramı ilə davam etmişdir.
Sonda Vətən müharibəsi şəhidlərinin övladlarına bayram hədiyyələri təqdim edilib.