"Dövlət-din münasibətləri və dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda növbəti maarifləndirici görüş keçirilmişdir
17 dekabr 2025 | 14:12
Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində "Dövlət-din münasibətləri və dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda növbəti maarifləndirici görüş keçirilmişdir.
Ziyalıların, ağsaqqalların, gənclərin, təhsil, mədəniyyət və digər sahələrdə çalışan işçilərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova qeyd edib ki, Azərbaycan dövləti mənəvi dəyərlərin qorunmasını, təbliği və təşviqini cəmiyyətin inkişaf meyarlarından biri kimi qəbul edir. Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının və dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, beynəlxalq standartlara cavab verən dövlət-din münasibətləri, tolerantlıq prinsipləri ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində bərqərar olub. Ulu öndərin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasında insan hüquqlarının qorunmasına dair qanunvericilik bazası beynəlxalq hüquq normalarına uyğunlaşdırılıb, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsipləri təsbit olunub. Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıllıqla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan həm sosial-iqtisadi, həm də mənəvi dəyərlərin qorunmasına və inkişafına görə regionun lider dövlətinə çevrilib.
V.Heydərova "Dövlət-din münasibətləri və dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda maarifləndirici görüşün keçirilməsinin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizin, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği, dini radikalizm meyllərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycanın islam ölkəsi olmaqla yanaşı, eyni zamanda dünyəvi dövlət olduğu, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışıb.
Sonra Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Oxu” sənədli filmi nümayiş olunub.
Tədbirdə çıxış edənlər ölkədə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, bütün dini konfesiyalara yaradılan şəraitdən, dövlətin bu sahəyə xüsusi diqqət və qayğısından, gənclər arasında dini radikalizmin profilaktikası sahəsində zəruri məsələlərdən danışıblar. Qeyd edilib ki, gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, İslam dininin yüksək mənəvi-əxlaqi, insani və ümumbəşəri prinsiplərinin cəmiyyətdə aşılanması, dini dəyərlərin düzgün təbliğ edilməsi, dinin siyasiləşdirilməsinə, o cümlədən milli təhlükəsizliyimizə edilən təhdidlərə qarşı mübarizənin gücləndirilməsi gənclərin dini radikalizmə meylləndirilməsinin qarşısını ala bilər.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.






