Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə rayonumuzda tədbir keçirilmişdir
İyunun 23-də Dövlət Qulluqçularının peşə bayramı günü münasibətilə rayonumuzda tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir RİH-in akt zalında davam etmişdir.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Musa Şəkiliyev bildirmişdir ki,dünya təcrübəsində qəbul edilmiş dövlət idarəetmə sistemlərinə və yeni çağırışlara uyğun olaraq ölkəmizdə milli dövlət quruculuğu istiqamətində islahatlar uğurla davam etdirilir. Aparılan islahatların əsas məqsədi çevik dövlət idarəçilik sisteminin formalaşdırılması, elektron hökumətin qurulması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarətdir.
M.Şəkiliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söhbət açmış, keçirilən islahatların ən bariz nümunəsinin dövlət qulluğunda səmərəliliyin artırılması, eyni zamanda dövlət qulluqçularının hüquqi statusunun müəyyən olunması məqsədilə 21 iyul 2000-ci il tarixində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini nəzərə çatdırmışdır. RİH başçısı bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsasının qoyulduğunu, bu sahədə kadr siyasətinin əsas prinsiplərinin, dövlət qulluqçularının cəmiyyətdəki yerinin, onların hüquq və vəzifələrinin müəyyənləşdirildiyini bildirmişdir.
Bu uğurlu siyasətin bu gün də Ulu öndərin layiqli davamçısı prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan RİH başçısı, bu gün ölkəmizdə həyata keçirilən islahatların səmərəliyini daha da artırmaq məqsədi ilə dövlət qulluğu və kadr siyasətinin təkmilləşdirilməsi sahəsində ardıcıl tədbirlər görüldüyünü, Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət Qulluqçularının Peşə Bayramı Günü elan olunmasını bunun bariz nümunəsi olduğunu diqqətə çatdırmışdır.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda istər dövlət qulluğu, istərsə də sosial-iqtisadi sahədə böyük uğurlar qazanılır. Ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət qulluqçularının məsuliyyətini artırmaqla yanaşı, sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynayır.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə və Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibəti ilə bir qrup dövlət qulluqçusu RİH-in və Dövlət İdarələri və İctimai Xİdmət İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsinin fəxri fərmanları ilə təltif edilmişdir.
Həmçinin ölkə başçısı cənab İlham Əliyev 23 iyun- Dövlət qulluqçularının peşə bayramı münasibəti bir qrup dövlət qulluqçusunu təltif etmişdir.
Sevindirici haldır ki, təltif olunanlar arasında rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı da yer alır.
Cənab Prezident İlham Əliyevin 22 iyun 2023-cü il tarixli sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Hüquq şöbəsinin müdiri Əminov Dəyanət Abdulməcid oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Rayon İcra Hakimiyyəti bütün dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik edir, Vətənə, xalqa, dövlətə sədaqət hissi ilə öz vəzifə səlahiyyətlərini yerinə yetirmələri istiqamətində uğurlar diləyir.