Dövlət Suverenliyi Günü müstəqilliyimizin dönməzliyini, ərazi bütövlüyümüzün bərpasını və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən tarixi gündür
20 sentyabr- Dövlət Suverenliyi Günü respublikamızın hər yerində olduğu kimi rayonumuzda da qeyd olunmuşdur.
19 sentyabr 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Suverenliyi Günü ilə əlaqədar rayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər.
Sonra Heydər Əliyev Mərkəzində Rayon rəhbərliyi, Milli Məclisin deputatı Əli Məsimli, YAP fəalları, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ayrı-ayrı idarə, müəssisə və təşkilat kollektivlərinin nümayəndələri, ziyalılar, gənclər, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə elmi-praktik konfrans keçirilmişdir.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransı rayon icra hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev giriş sözü ilə açaraq, Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu günün təsis edilməsi 1991-ci ildə müstəqilliyin bərpası ilə başlayan tarixi yolun məntiqi davamı, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda uzun illər aparılan mübarizənin nəticəsidir. 2025-ci ildə Azərbaycan xalqı ilk dəfə bu günü rəsmi olaraq qeyd edir. Bu hadisə yalnız dövlətçilik tariximiz üçün deyil, həm də milli kimliyimizin möhkəmlənməsi baxımından da böyük əhəmiyyət daşıyır.
Konfransda rayon icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzədə vurğulanıb ki, Dövlət Suverenliyi Günü müstəqilliyimizin dönməzliyini, ərazi bütövlüyümüzün bərpasını və xalqımızın sarsılmaz iradəsini təcəssüm etdirən tarixi gündür. Bu günün qeyd olunması Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcını göstərir. Bu gün biz artıq tam suveren dövlətik. Sərhədlərimiz toxunulmazdır, ərazilərimiz bütövdür, xalqımız isə azad və müstəqil gələcəyini öz əlləri ilə qurur. Dövlət Suverenliyi Günü xalqımızın tarixi yaddaşında əbədi yer alacaq milli qürur günüdür.
Konfransda Milli Məclisin deputatı Əli Məsimli çıxış edərək bildirdi ki, Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur. Bu gün xalqımızın uzun müddət davam edən mübarizəsinin, 30 illik işğalın sona çatmasının, Qarabağ Zəfərinin, antiterror əməliyyatının və suverenliyin tam bərpasının təntənəsidir. Müasir Azərbaycan artıq tam suveren dövlət olaraq öz inkişaf yolunu müəyyənləşdirib və gələcəyə inamla addımlayır.
YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, rayon İcra və Probasiya şöbəsinin rəisi Sənan Quliyev, 44 günlük Vətən müharibəsinin və antiterror əməliyyatının iştirakçısı, qazi Ramil Səraclı da çıxış edərək bildiriblər ki, 2023-cü il sentyabrın 19-da Qarabağda erməni separatçılarının təxribatlarına cavab olaraq həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində qanunsuz silahlı birləşmələr tərk-silah olunub, qondarma qurum özünü buraxdığını elan edib. Beləliklə, Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olunub. Bu hadisə yalnız hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm mərhələdir.






