Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır

29 sentyabr 2023 | 17:43

29 sentyabr 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev  Mərkəzində “Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, Yeni Azərbaycan Partiyası fəallarının və rayon ictimaiyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. Bu saziş Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsasıdır. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına yol açdı. Diqqətə çatdırdı ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan zirvələri fəth edir. 30 illik işğala son qoyaraq Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə də “Əsrin müqaviləsi” mühüm pay sahibidir. Neft-qaz ixracından əldə edilən gəlirlər sayəsində müasir ordu quruculuğunun həyata keçirilməsi, yeni silahların alınması, beynəlxalq münasibətlər sistemində haqq səsimizin davamlı olaraq eşidilməsi və işğalın aradan qaldırılması istiqamətində beynəlxalq hüquqi baza rolunu oynayan çoxsaylı qətnamələrin, qərarların, bəyanatların qəbulu buna bariz misaldır.

M.Şəkiliyev həmçinin vurğuladı ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Yeni infrastruktur layihələri uğurla icra edilir. Yeni avtomobil, dəmir və hava yolları çəkilir. Bu yollar bizi azad Qarabağa, azad Şərqi Zəngəzura aparır. Görülən bütün işlər Azərbaycanın daxili imkanları hesabına başa gəlir. Müharibədən yenicə çıxan ölkə üçün bərpa-quruculuq işlərinə qısa zamanda start vermək təbii ki, çətindir. Amma Azərbaycanın iqtisadi və maliyyə imkanları bu işlərə qısa zamanda başlamağa stimul verdi.

Çıxışlarda Ulu Öndərin müəllifi olduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyasının qarşıdakı illərdə Azərbaycana daha böyük uğurlar bəxş edəcəyi vurğulandı.

Sonda “Əsrin müqaviləsi” tarixi zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda videolent nümayiş etdirildi.

 

Keçidlər