Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür

21 fevral 2024 | 17:34

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. İnsanın təkamülündə böyük rolu olan ana dilinin hər hansı bəhanə ilə qadağan olunması isə cinayətdir. Beynəlxalq Ana Dili Günü hər kəsi bu cinayətə qarşı birləşməyə səsləyir.

Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1969-cu ildə qoyulub: Heydər Əliyev həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə də yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə olub.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Bu gün ulu öndərin ali ideallarının gerçəkləşməsində Prezident İlham Əliyevlə birgə onun xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək mənəvi-əxlaqi dəyərləri parlaq şəxsiyyətində cəmləyən Mehriban xanım Əliyevanın milli-mənəvi irsimizin qorunması istiqamətində ardıcıl səyləri də Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək sayğının təzahürüdür. Xalqına və dövlətinə qəlbən bağlı olan Mehriban xanım Əliyeva həyatının mənasını nəcib və xeyirxah işlərdə axtaran parlaq şəxsiyyətlərdən olaraq xalqının zəngin milli-mənəvi irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması naminə səylə çalışır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə uğurlu fəaliyyəti dilimiz kimi saf və nəcib milli-mənəvi dəyərin qorunub saxlanması, ictimai şüurda möhkəmlənməsi, özünə güclü dayaqlar tapması ilə yanaşı, dünya miqyasında təbliğinə yönəlib. Beləliklə, bütün bu deyilənlər müstəqil Azərbaycan Respublikasında ana dilinə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini bird aha təsdiqləyir.

 

Keçidlər