Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Gənc İqlim Elçiləri” adlı konfrans işə başlayıb

31 mart 2024 | 10:43

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Qax Rayon İcra Hakimiyyətinin dəstəyi, ATMU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə martın 30-da Qax şəhərində “Gənc İqlim Elçiləri” adlı konfrans (YCAC 2024 – Young Climate Ambassadors Conference) işə başlayıb. Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri, ekologiya sahəsi üzrə maraqlanan tələbələr iştirak edirlər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransı rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, günümüzün ən aktual mövzularına həsr olunan tədbirin bu rayonda keçirilməsinin heç də təsadüfi olmadığını, Qaxın həm ekoloji, həm də turizm baxımından zəngin bir bölgədə yerləşdiyini vurğulayıb, layihənin gələcək iqlim elçilərinin formalaşmasında mühüm rol oynayacağına əminliyini ifadə edib. İcra hakimiyyətinin başçısı çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun şücaəti ilə Vətən müharibəsində qazanılmış Zəfər fonunda tarixi bir dövrdə yaşadığımızı diqqətə çatdırıb, Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsinin çox mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Hikmət Atayev çıxışında Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini bildirib, ekologiyanın daim nəzarətdə saxlanılmasının, qorunmasının vacibliyini diqqətə çatdırıb, Qax rayonunda keçirilən ekologiya yönümlü tədbirlər barədə məlumat verib.

Azərbaycan Turizm və Menecment Universitetinin rektor köməkçisi Samir Məhərrəmov çıxışında bu kimi əhəmiyyətli layihələrin təşkil olunmasının tələbələrin təcrübi bacarıqlarının formalaşmasına göstərdiyi müsbət təsirlərdən və layihənin perspektivlərindən söz açıb. Qeyd olunub ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi, iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Rəsmi açılış mərasimi ATMU Tələbə Gənclər Təşkilatının sədri Samir Abdullayevin “Gənc İqlim Elçiləri” adlı konfrans haqqında təqdimatla yekunlaşıb.

Sonra layihə iştirakçıları üçün “Dayanıqlı inkişaf, sağlam dünya və sağlam insanlar üçün gənclərin xidməti”, “Ekologiya və ətraf mühitin mühafizəsi”, “Ekoturizm haqqında”, “COP29” mövzusunda təlimlər keçirilib.

Konfransın ikinci günü - martın 31-də rayonun tarixi abidələrinə, görməli yerlərinə səfərlər təşkil ediləcək, tələbə gənclər “Yaşıl dünya naminə” devizi altında Kürmükçay ərazisində ağacəkmə aksiyasında iştirak edəcəklər. Aksiyanın məqsədi ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdən ibarətdir.

 

Keçidlər