Görülən işlər həm rayon mərkəzini, həm də ucqar kəndləri əhatə edərək infrastrukturun modernləşdirilməsinə xidmət edir
Qax rayonunun yaşayış məntəqələrinin kəsintisiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, habelə şəbəkənin dayanıqlığının artırılması məqsədilə Qax Elektrik Şəbəkəsi tərəfindən cari ildə mühüm texniki tədbirlər və yenidənqurma işləri həyata keçirilmişdir. Görülən işlər həm rayon mərkəzini, həm də ucqar kəndləri əhatə edərək infrastrukturun modernləşdirilməsinə xidmət edir.
İstismar müddətində texniki göstəriciləri zəifləmiş transformatorların bərpası məqsədilə 10 ədəd transformator yarımstansiyasında cari təmir işləri aparılmışdır. Bu istiqamətdə Ləkit-Malax, Üzümlü, Güllük, Əmircan, Almalı, Cəlayir, İngiloy Kötüklü və Şotavar kəndlərində, həmçinin Qax şəhərində yerləşən müxtəlif güclü (40 kVA-dan 160 kVA-dək) Transformator Məntəqələri texniki baxışdan keçirilmiş, zəruri hissələri yenilənmiş və estetik görünüşün bərpası üçün rənglənmə işləri icra edilmişdir.
Rayonun enerji magistrallarının dayanıqlığını təmin etmək üçün 10 kV-luq xətlərdə genişmiqyaslı işlər görülmüş, 23 ədəd yeni metal boru və 16 ədəd dəmir-beton dayaq quraşdırılmışdır. Qaşqaçay, Dəyirman, Almalı, Qorağan, II Şəhər və İlisu hava xətlərində istismara yararsız dayaqlar yeniləri ilə əvəz edilmiş, naqillər tarımlanmış və xətt ayırıcıları təmir olunmuşdur. Dəmiryol Stansiyası istiqamətində xüsusi olaraq 14 ədəd yeni metal boru dayağı basdırılmış, 1600 metr yeni naqil çəkilmiş və yeni Komplekt Transformator Məntəqəsi quraşdırılaraq istismara verilmişdir.
İstehlakçıların birbaşa təchizat zəncirində olan 0.4 kV-luq xətlərdə əsaslı dəyişikliklər edilmiş, 59 ədəd yeni metal boru dayaq quraşdırılmış, 34 ədəd yararsız dayaq isə əvəz edilmişdir. Açıq naqillərin müasir SİP kabellərlə əvəzlənməsi prosesi sürətləndirilmişdir. Qax şəhəri, Qaxbaş, Turaclı və Ləkit-Kötüklü kəndlərində ümumi 3,4 kilometr yeni kabel xətti çəkilmişdir. Qaysarlı kəndində əhalinin müraciəti əsasında 25 kVA-lıq transformator daha güclü 63 kVA-lıq transformatorla əvəz edilmiş, bir çox kəndlərdə isə gərginliyin stabil saxlanılması üçün əlavə fazalar çəkilmişdir. Ləkit-Kötüklü kəndində yerləşən "Şəhid Bulağı"nın enerji təchizatı üçün xüsusi kabel xətti çəkilmişdir.
Qısaqapanma risklərini minimuma endirmək üçün 10 kV-luq xətlərdə 9.2 km, 0.4 kV-luq xətlərdə isə 5.8 km məsafədə mühafizə zonası, 52 ədəd Komplekt Transformator Məntəqəsinin ətrafı təmizlənmiş və təhlükəsizlik tədbirləri gücləndirilmişdir.
Enerji itkilərinin qarşısının alınması və uçotun dəqiq aparılması məqsədilə 86 ədəd yeni sayğac quraşdırılmış, 118 ədəd köhnə sayğac yenisi ilə əvəz olunmuşdur. 44 ədəd sayğac həyətyanı sahələrdən çıxarılaraq küçə xətlərinə (görünən sahələrə) köçürülmüşdür və bu sahədə işlər davam etdirilir.
Qax Elektrik Şəbəkəsi rayon sakinlərinə daha keyfiyyətli xidmət göstərmək üçün planlı təmir-bərpa işlərini mərhələli şəkildə davam etdirir.






