Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilmiş Qax şəhər 3 nömrəli məktəbin açılışı olub

17 sentyabr 2023 | 13:31

Heydər Əliyev Fondu tərəfindən yeni inşa edilmiş Qax şəhər 3 nömrəli məktəbin açılışı olub. Məktəb binası 1950-ci ildə inşa olunduğundan istifadəyə yararsız vəziyyətə düşmüşdü. Heydər Əliyev Fondunun bu ilin yanvarında yeni məktəbin tikintisi ilə bağlı apardığı işlər artıq yekunlaşıb və təhsil ocağı yeni tədris ilində şagird və müəllimlərin ixtiyarına verilib.

Məktəbin açılışı münasibətilə keçirilən tədbirdə Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin nümayəndələri, Qax Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbər şəxsləri, məktəbin müəllim və şagird kollektivi, sakinlər iştirak ediblər.

Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə məktəbin direktoru Leyla Rzayeva təhsil ocağının fəaliyyəti, ötən tədris ilində qazandığı uğurlar barədə məlumat verib. Diqqətə çatdırıb ki, bu tədris ilində məktəbdə 250 şagird təhsil alacaq. İndiyədək tədrisi rus dilində olan məktəbdə bu ildən Azərbaycan bölməsi də fəaliyyət göstərir. Ötən tədris ilində məktəbi bitirmiş 20 məzundan 16-sı ali məktəblərə daxil olmaq üçün sənəd verib, onlardan 13 nəfəri ali, 2 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunub. Direktor kollektivə belə bir gözəl məktəb binası hədiyyə etdiklərinə görə müəllim və şagirdlər adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından, rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb, məktəbin kollektivinə yeni dərs ilində uğurlar arzulayıb. Bildirib ki, son illər rayonda təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində çox böyük işlər görülüb. Heydər Əliyev Fondu tərəfindən indiyədək  rayonda yeni açılan bu məktəb də daxil olmaqla, 3 məktəb binası və 2 körpələr evi-uşaq bağçası tikilərək istifadəyə verilib.

Mərasimdə Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov çıxış edərək, məktəbin kollektivini, rayonun təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu fəaliyyətində təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahədə müxtəlif layihələr həyata keçirməklə təhsilin inkişafına öz töhfəsini verir. Fond yeni məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsinə də öz dəstəyini əsirgəmir. Bilik Günü ərəfəsində təkcə Heydər Əliyev Fondu tərəfindən respublikamızın müxtəlif şəhər və rayonlarında 19 məktəb və 3 uşaq bağçası tikilib.

Elm və Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin sektor müdiri İlahə Rəsulova çıxış edərək təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazasının daha da möhkəmləndirildiyini diqqətə çatdırıb, qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib. Vurğulayıb ki, təhsil sahəsi dövlətin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir. Paytaxtla yanaşı, regionlarda, ucqar kəndlərdə müasir standartlara uyğun belə məktəb binalarının tikintisi ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin uğurla davam etdiyini göstərir.

Məktəbin adını daşıyan şəhidin qardaşı Elxan Əliyev çıxış edərək məktəb üçün yeni binanın tikintisində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar.

Üçmərtəbəli və üç korpusdan ibarət olan məktəb binası 320 şagird yerlikdir. Məktəbdə yaradılan 14 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları zəruri mebel və avadanlıqlarla, əyani vəsaitlərlə tam təchiz edilib. Təhsil müəssisəsində açıq idman meydançası da qurulub. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb.

 

Keçidlər