Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirildi.

16 noyabr 2023 | 15:26

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının qərargahında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində, 12 noyabr- Azərbaycan Respublikasının Konstitusiya Günü ərəfəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 16 noyabr 2023-cü il tarixdə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin,idarə, müəssisə və təşkilatların nümayəndələri, hüquqşünaslar, ziyalılar, gənclər iştirak edib.

Dəyirmi masa iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi, sərhədlərimizin toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. 

Tədbiri giriş sözü ilə açan Qax RİH başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirib ki, Azərbaycanda hüquqi dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə müasir hüquq sisteminin qurulması və inkişaf etdirilməsi Ulu Öndərin dövlətçilik konsepsiyasında xüsusi  yer tuturdu. Ümummilli Lider Heydər Əliyev ölkədə hüquqi dövlətə xas olan qanunçuluğun, ədalət və hüquq qaydasının təmin olunması sahəsində qətiyyətli və cəsarətli addımlar atdı, gələcəyə hesablanan ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. Demokratik hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin ən böyük əməyi müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbul edilməsi oldu. Ümummilli Liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu.

Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dünyada ən mükəmməl və demokratik qanunlardan olması ilə fərqlənir. Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyalarının davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının Konstitusiyamızda təsbit olunan hüquq və azadlıqlarının təmin olunması, onların sosial rifah halının yüksəldilməsi, respublikamızın sosial, iqtisadi, hərbi, siyasi gücünün daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetləridir.

Sonra dəyirmi masada “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda məruzə edən Qax RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Dəyanət Əminov qeyd edib ki,  ölkəmizdə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Bu il  12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı xüsusi qeyd olunur. Ümummilli Liderimiz, müdrik siyasətçi və böyük vətənpərvər Heydər Əliyevin Konstitusiyanın hazırlanması işinə rəhbərlik etməsi onun mükəmməlliyini, siyasi-hüquqi akt və tarixi sənəd kimi yüksək nüfuzunu təmin edən əsas amil olmuşdur. Konstitusiyamız müasir dünyanın sivil dəyərlərinə, milli və ümumbəşəri prinsiplərə söykənərək Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində möhkəm təməl yaratmışdır.

Tədbirdə digər çıxış edənlər zəngin dövlətçilik təcrübəsinə malik olan Ulu Öndər  Heydər Əliyevin Azərbaycanda hüquqi dövlət modelini yaratmaq istiqamətində apardığı  uğurlu siyasətdən və çoxsaylı islahatlardan söz açıblar.

Keçidlər