“İçəribazar” qala kompleksi
Sabahın xeyir, Qax#!
Qax rayonu saysız təbiət və tarixi mədəniyyət abidələri ilə zəngin olsa da, onlar içərisində xüsusi maraq doğuranı “İçəribazar” qala kompleksidir. Tarixi XVI əsrlərə gedib çıxan qalanın içərisində vaxtilə yaşayış binaları, müxtəlif sənət emalatxanaları, dükanlar və bazar olub. Buna görə də yerli əhali qala ilə əhatə olunan daxili ərazini indi də “İçəribazar” adlandırır.
Bugünkü Qax şəhəri məhz tarixi mərkəz sayılan həmin “İçəribazar” qala kompleksinin daxilindən böyüyərək müasir görkəmini alıb.
Tikinti və yenidənqurma işləri zamanı “İçəribazar” küçəsindəki fərdi evlərin dam örtükləri yenilənib, darvaza, pəncərə, tavan, sütun, balkonlarda sürahilər və digər hissələr taxta materialdan yüksək zövqlə yenidən işlənib. Küçə boyunca qədimliyi özündə ehtiva edən qala divarları, təbii daşlar turistlərin diqqətini daha çox çəkir. Milli memarlıq üslubunda çapma çay daşı və qırmızı kərpiclə nəfis şəkildə işlənilən, dekorativ suvaq vurulan küçə divarları da insanda xoş ovqat yaradır. Qalanın giriş və çıxış qapıları ölkəmizin memarlıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Kompleksin ərazisində mükəmməl layihə əsasında açıq səma altında 300 yerlik teatr yaradılıb, sənətkarlar üçün emalatxanalar, o cümlədən, tətbiqi sənət, ağacoyma, toxuculuq, Şərq şirniyyatı, təndirxana inşa olunub. Burada fəaliyyət göstərən tətbiqi sənət nümunələrinin satış mərkəzində yerli sənətkarların hazırladıqları milli suvenirlər, rəngkarlıq və qrafika əsərləri, ağac üzərində oyma, daş üzərində təsvirlər, toxuculuq məmulatları, suvenir xalçalar nümayiş etdirilir.
Görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib. 1902-ci ildə Qori seminariyasında təhsil alarkən Müslüm Maqomayev atasının vəsiyyətinə əsasən, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə birgə burada olub, ata yurdunu ziyarət edib.
Həmçinin 1977-ci ildə rejissor Arif Babayev tərəfindən ekranlaşdırılan “Arxadan vurulan zərbə“ filminin bəzi səhnələri də məhz bu tarixi məkanda çəkilib.
Hazırda “İçəribazar” şəhər sakinlərinin, eləcə də rayona gələn yerli və xarici turistlərin ən çox üz tutduqları istirahət məkanlarından birinə çevrilib.
Kompleksi ziyarət edən yerli və xarici turistlərə rayonun, həmçinin şəhərin bu qədim yaşayış məhəlləsinin tarixi, əhalinin yaşam tərzi, adət-ənənələri, məişəti, mətbəxi barədə müfəssəl məlumat verilir, qonaqlar buradakı obyektlərin xidmətlərindən yararlanırlar.
“İçəribazar” qala kompleksindən bu günümüzə salamat qalmış tikililər hazırda yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.






