İlisu Milli Parkı
Sabahın xeyir, #Qax!
İlisu Milli Parkı- Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılması, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası və regionlarda ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 iyul 2025-ci il tarixli Sərəncamı əsasında İlisu Milli Parkı yaradılmışdır. Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yerləşən İlisu Milli Parkı İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılıb. Milli Park 13966,0 hektar sahəni əhatə edir.
Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir. Arealı Böyük Qafqazın cənub makroyamacının (dəniz səviyyəsindən 550-2500 m-dək yüksəklikdə) alp və subalp çəmənlikləri, yüksək mailliyə malik dağ meşələri və qayalıqlar, o cümlədən, dağətəyi çəmənliklər və çay vadiləri ilə səciyyəvidir.
Hündürlüyə qalxdıqca dördüncü dövr, alt və üst təbaşirin, orta yuranın terrigen çöküntüləri bir birini əvəz edir. Geomorfoloji cəhətdən burada denudasion struktur dağların ortadağlıq, alçaqdağlıq əraziləri səciyyəvidir. Burada əsasən palıd, vələs, fıstıq meşəli, qonur dağ-meşə torpaqlı parçalanmış orta və aşağı dağ-meşə, eləcə də az sahədə allivüal-çəmən torpaqlı, çəmən-kol bitkili subasar çay dərə landşaft kompleksləri inkişaf etmişdir.
Milli parkın ərazisində qışı quraq keçən soyuq iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və yağıntıları bərabər paylanan mülayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 5-12 °C arasında dəyişir. Hündürlüyə qalxdıqca yağıntının miqdarı 920 mm-dən 1400 mm-ə qədər artır.
İlisu Milli Parkında endemik, nadir və nəsli kəsilmək təhlükəsi altında olan bitki növləri çoxdur. Ərazidə Şərq fıstığı, Qafqaz vələsi, Şərq palıdı, Litvinov tozağacısı, Trautvetter ağcaqayını, kollardan quşarmudu, itburnu, böyürtkən, dovşanalması, topulqa, yabanı gilas, zoğal,moruq və s. bitkilər yayılmışdır.
İlisu Milli Parkında Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşmüş bitki, heyvan və quş növləri mövcuddur.
Giləmeyvəli qaraçöhrə, Radde tozağacısı, Avropa vaşaqı (Lynx lynx), Avropa cüyürü (Capreolus capreolus), Qafqaz uları (Tetraogallus caucasicus), Saqqallı kərkəs (Gypaetus barbatus) Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmişdir.
Milli Park Çöl donuzu, Qonur ayı, Boz canavar, Adi tülkü, Daşlıq dələsi, Adi porsuq, Meşə pişiyi, Boz dovşan, Adi süleysin, Meşə süleysini, Avropa vaşaqı, Avropa cüyürü, Qafqaz köpgəri, Şərqi Qafqaz turu, Qafqaz nəcib maralı, Qafqaz tetrası, Qafqaz uları, bərqud, Saqqallı kərkəs və s. heyvan və quş növləri ilə zəngindir.






