Kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olmaqla əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında və məşğulluğun artırılmasında mühüm rol oynayır
Kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olmaqla əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında və məşğulluğun artırılmasında mühüm rol oynayır. Bu sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və həyata keçirilən stimullaşdırıcı tədbirlər rayonumuzda da öz müsbət nəticələrini verməkdədir.
2025-ci ilin məhsulu üçün rayonda 13 727 hektar sahədə payızlıq dənli bitkilər əkilmiş, o cümlədən 8 609 hektar buğda, 5 118 hektar arpa səpilmişdir. Nəticədə 30 547 ton buğda, 17 862 ton arpa olmaqla, ümumilikdə 48 409 ton məhsul istehsal edilmiş, orta məhsuldarlıq 35,3 sentner təşkil etmişdir.
2026-cı ilin məhsulu üçün isə 13 510 hektar sahədə dənli bitkilərin səpini aparılmışdır. Bunun 7 989 hektarı buğda, 5 521 hektarı arpadır. Ötən illə müqayisədə 217 hektar sahə yazlıq əkin üçün saxlanılmışdır. Hazırda sahələrdə aqrotexniki tədbirlər davam etdirilir.
Dövlət dəstəyi çərçivəsində rayonda fiziki şəxsə məxsus 50 hektar taxıl sahəsində pivot tipli suvarma sistemi quraşdırılmış və ərzaqlıq buğda proqramına qoşulmaq üçün müraciət edilmişdir.
Heyvandarlıq sahəsində də inkişaf dinamikası qorunur. 2025-ci il ərzində rayonda 5 699 baş iribuynuzlu heyvan süni yolla mayalandırılmış, nəticədə 3 263 baş bala alınmışdır. Eyni zamanda epizootiya əleyhinə profilaktik və müalicə tədbirləri plana uyğun şəkildə həyata keçirilir.
Mövcud mal-qaranın sağlamlığının qorunması, əhalinin sağlam və keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması məqsədilə epizootiya əleyhinə tədbirlərin plana uyğun icrası təmin edilmiş, hazırda profilaktik və müalicə tədbirlərinin aparılması davam etdirilir.
Görülən tədbirlər rayonda aqrar sahənin intensiv və davamlı inkişafı üçün əlverişli şəraitin mövcud olduğunu göstərir və bu istiqamətdə məqsədyönlü tədbirlərin icrası ardıcıl şəkildə davam etdiriləcəkdir.






