Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Kürmükoba bayramı

23 noyabr 2023 | 10:38

Qədim dövrlərdən müxtəlif mədəniyyətlərin və dinlərin formalaşdığı Azərbaycan spesifik, rəngarəng, zəngin mədəni irsə sahibdir. Azərbaycan mədəni irsinin, islamaqədərki inancların, izlərinin üzə çıxarılmasında tariximizin ən mühüm mərhələlərindən birini təşkil edən Qafqaz Albaniyası dövrü xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanlıların mənəvi irsini təşkil edən alban mədəniyyəti zaman çərçivəsində müəyyən transformasiyaya uğrasa da, alban mədəniyyətinin zəngin və qədim ənənələrinin izləri azərbaycanlıların tarixi abidələrində, mərasim ayinlərində, xalq inanclarında bu günədək öz canlılığını qoruya bilib.

Hazırda da Azərbaycan əhalisinin inancından asılı olmayaraq Komrad, Armatay, Kürmük kimi qədim alban məbədlərini ziyarət etməsi alban tayfalarının varislərinin xristianlıq və İslam dininin qəbulundan sonra belə öz qədim ənənələrini unutmadıqlarını göstərir. Azərbaycanda müxtəlif dini dünyagörüşlərin, xristianlığa və islamaqədərki inancların qorunub saxlanması, onların bir-biri ilə qaynayıb qarışması eyni sitayiş yerinin həm müsəlman, həm də xristian əhali tərəfindən ziyarət edilməsinə, dini sinkretizmə gətirib çıxarıb. Azərbaycanın Qəbələ rayonunda Komrad, Zaqatala rayonunda Pəriqala, Qax rayonunda Kürmük məbədi kimi alban dövründən qalma qədim inanc yerlərini istər xristianlar, istərsə də müsəlmanlar eyni dərəcədə inanaraq ziyarət edirlər. Belə inanc yerlərində dinlərin sinkretizmi müxtəlif formalarda müşahidə edilir.

Qax rayonu ərazisində yerləşən qədim alban məbədi olan Kürmük məbədi də həm xristianların, həm də müsəlmanların ziyarət etdikləri qədim inanc yerlərindən biridir. Erkən orta əsrə aid qədim alban məbədinin izlərini daşıyan Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir.

XIX əsrdə Rusiya imperiyası Azərbaycan torpaqlarında özünün siyasi hakimiyyətini möhkəmlətmək məqsədilə xristianlaşdırma siyasəti aparır və rus provaslavlığının geniş təşviqinə başlayır. Qədim alban məbədi olan Kürmük məbədinin yerində 1892-1894-cü illərdə rus-pravoslav kilsəsi inşa edilib. Kilsənin məhz alban məbədinin yerində inşa olunmasının səbəbi isə xalqın əsrlərdən bəri ziyarət etdiyi qədim inanc yerinə gəlişinin davamını təmin etmək və onu tədricən pravoslavlığa meyilləndirmək idi. Lakin yerli əhali inancından asılı olmayaraq yenə də buranı “Kürmük məbədi”, “pir”, “ocaq” adlandırmağa davam edib, burada müxtəlif qədim ayinlər icra edib ki, bu sırada “Kürmükoba” bayramı diqqəti cəlb edir. “Kürmükoba” bayramı haqda XIX əsr müəllifləri də məlumat verib. Onlar bu bayramda yerli əhalinin daha çox ibtidai dini təsəvvürlərlə bağlı ayinlər icra etdiyini, “Kürmükoba” bayramında dini ayinlərlə yanaşı, qurbankəsmə mərasiminin də icra edildiyini bildiriblər.

Hazırda Kürmükoba mərasiminə həm xristian, həm də İslam dini elementləri daxil edilsə də, “Kürmükoba” bayramında qədim inancların qalıqları, təbiət ayinləri özünü daha çox büruzə verir. Kürmükoba bayramı əslində qədim dövrlərdən bəri təbiət ayini olub Kürmük çayı ilə bağlı icra edilib. Bu mərasimin aprel və noyabr – yəni, çayın daşma mövsümündə keçirilməsi isə Kürmük məbədinin, həmçinin Kürmükoba mərasiminin öz adını bölgənin həyat mənbəyi olan gur sulu Kürmük çayından götürdüyünü söyləməyə əsas verir. Kürmük çayı bəzən dağıdıcı olduğundan yerli əhali arasında onun güçünə inam yaranmış, buna görə də ildə iki dəfə yazda və payızda çayın daşma dövründə Kürmük çayının şərəfinə mərasim icra olunmuşdur. Kürmük oba ifadəsindəki “oba” kəlməsi isə bu bayramın lokal xarakterini ifadə edir. Oba, məlum olduğu kimi, Azərbaycanda patronomik birlik ifadə edən terminlərdən biridir və yalnız bu obanın, yəni Kürmük çayı bölgəsini əhatə edən Kürmük obasının - Kürmük elinin bayramı mənasını ifadə edir. Son illərdə Kürmük məbədinin və “Kürmükoba” bayramının təhrif edilib başqa adlarla qeyd olunması meyilləri güclənib ki, bu da doğru deyil. Yerli qaxlılar üçün bu bayram hər zaman “Kürmükoba” bayramı olaraq qalıb və bayram zamanı hər kəs öz dini etiqadından asılı olmayaraq, bu inanc yerini “ocaq” deyərək ziyarət edib. Hazırda da qədim mərasim ayini olan “Kürmükoba” bayramına ətraf bölgələrdən müxtəlif dinlərdən olan minlərlə insan axışır. Xalq öz tarixi yaddaşına sadiq qalaraq Kürmükoba bayramında Aya, Günəşə, təbiətə sitayişin izlərini daşıyan qədim ayinlər icra edir, ağaclara əski parçaları bağlayıb, qaya daşların üstündə şamlar yandıraraq niyyət edir, məbəd həyətində mütləq xoruz və ya toyuq, hətta qoyun kəsirlər ki, bu da dinlərin sinkretizminin bir əlamətidir.

Dini mənsubiyyətindən asılı olmayaraq geniş xalq kütlələrinin - istər müsəlman, istərsə də xristian əhalinin elliklə bu bayramda iştirakı Kürmükoba bayramının qədim, ibtidai kökləri olan bir mərasim olduğunu göstərir. Tarix boyu Kürmük çayının şərəfinə keçirilən, Ay və su kultu ilə bağlı qədim məhsuldarlıq ayininin izlərini daşıyan Kürmükoba bayramı öz ilkin mahiyyətini itirməyib, yerli əhali Kürmükoba bayramında kökü qədim alban mədəniyyətinə dayanan ümumazərbaycan ənənələrini yaşatmağa nail olub, Azərbaycan tarixinin ən erkən mərhələlərində meydana gələn qədim dünyagörüşləri əsrlərin süzgəcindən keçirərək qoruya bilib.

Keçidlər