Milli Mətbuatın yaranmasının 150 illik yubileyi qeyd edilib
“22 iyul- Milli Mətbuat günü ” Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə ediblər.
Sonra rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilib.
Mətbuat işçilərinin iştirak etdiyi tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova mətbuat işçilərini Milli Mətbuat Günü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Ümummilli Lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib. Bu gün də Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazası gücləndirilir, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Görüşdə çıxış edən mətbuat işçiləri bildiriblər ki, milli mətbuat tariximizin yalnız informasiya vasitəsi deyil, həm də xalqın mənəvi yaddaşı və milli ideologiyanın daşıyıcısıdır.






