Milli Park 13966,0 hektar sahəni əhatə edir.
Sabahın xeyir, #Qax!
İlisu Milli Parkı - Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılması, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyası və regionlarda ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 iyul 2025-ci il tarixli Sərəncamı əsasında İlisu Milli Parkı yaradılmışdır. Azərbaycanın Qax və Zaqatala rayonları ərazisində yerləşən İlisu Milli Parkı İlisu Dövlət Təbiət Qoruğunun bazasında yaradılıb. Milli Park 13966,0 hektar sahəni əhatə edir.
Ərazi Baş Qafqaz dağlarının dik yamaclı, çay dərələri vasitəsilə intensiv parçalanmış sahələri üçün səciyyəvi olan relyefə malikdir. Arealı Böyük Qafqazın cənub makroyamacının (dəniz səviyyəsindən 550-2500 m-dək yüksəklikdə) alp və subalp çəmənlikləri, yüksək mailliyə malik dağ meşələri və qayalıqlar, o cümlədən, dağətəyi çəmənliklər və çay vadiləri ilə səciyyəvidir.
Hündürlüyə qalxdıqca dördüncü dövr, alt və üst təbaşirin, orta yuranın terrigen çöküntüləri bir-birini əvəz edir. Geomorfoloji cəhətdən burada denudasion struktur dağların ortadağlıq, alçaqdağlıq əraziləri səciyyəvidir. Burada əsasən palıd, vələs, fıstıq meşəli, qonur dağ-meşə torpaqlı, parçalanmış orta və aşağı dağ-meşə, eləcə də az sahədə allivüal-çəmən torpaqlı, çəmən-kol bitkili subasar çay-dərə landşaft kompleksləri inkişaf etmişdir.
Milli parkın ərazisində qışı quraq keçən soyuq iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim və yağıntıları bərabər paylanan mülayim-isti iqlim tipləri hakimdir. Havanın orta illik temperaturu 5-12 °C arasında dəyişir. Hündürlüyə qalxdıqca yağıntının miqdarı 920 mm-dən 1400 mm-ə qədər artır.
Milli Parkın ərazisindən Kürmük, Hamamçay, Qumçay, Ağçay, Ləkitçay, Kobalaçay, Mikirkiçay, Ağdərə və ya Qaladərəsi çayı və başqa kiçik çay qolları axır. O cümlədən, İlisu Şəlaləsi (Ram-ramay), Şahverdi, Vəzirçal, Qoçyatağı, Qıcal, Qaltax, Qaradağ, Axvay, Hamamdərə, Bədbasan, Əltürgən, Şıxəli, Ləkit mamırlı şəlalələri və çox sayda kaskad şəlalələr mövcuddur. Milli Parkın yüksək dağlıq ərazilərində Murana (Karaldağı gölü), Novur (Qoçyatağıdağı gölü), Çənəxur gölü, Yarpızbasan gölü mövcuddur. İlisu termal-mineral müalicəvi suları və bulaqları ilə də məhşurdur.
Milli Parkın florasında müəyyən edilmiş 1000 növün 35-i qədim 3-cü dövr, 15 adventiv və 106 növü isə arealı məlum olmayan növlərdir. O Cümlədən, qorunan ərazilərdə 34 ağac, 63 kol və kolcuq, 7 lian, 420 ot bitkisi və 330 çoxillik, 95 ikiillik, 102 birillik növlər aşkar edilmişdir.
Milli Parkın faunasında 73 növ nadir məməli vardır ki, bunların iyirmisindən çoxu adları “Azərbaycanın Qırmızı Kitabı”na salınıb . (Böyük və balaca nalburun, Bexşteyn şəbpərəsi, Üçrəng, İtiqulaq, Asiya və Avropa enliqulağı, Səhra gönlücəsi, Qudaur və Balaca Asiya qar çöl siçanı, Çay samuru, Safsar, Qar gəlinciyi, Meşə pişiyi, Avropa vaşaqı, Ön Asiya bəbiri, Zolaqlı kaftar, Qarapaça köpkər, Adi cüyür, Nəcib maral və s.) Bunlardan 9-u endemik növlərdir. Milli Park ərazisində 150-dən çox onurğalı fauna növü vardır. Bu növlərin təqribən yarısını 6 dəstəyə aid olan məməlilər təşkil edir: Həşəratyeyənlər (insectivora) – 3 fəsilə, 7 cins, 10 növ; Qolqanadlılar (chiroptera) – 2 fəsilə, 8 cins, 19 növ; Dovşankimilər (lagomorpha) – 1 cins, 1 növ; Gəmiricilər (rodenta) – 5 fəsilə, 13 cins, 20 növ; Yırtıcılar (carnivora) – 6 fəsilə, 12 cins, 16 növ; Cütdırnaqlılar (artiodactyla) – 3 fəsilə, 6 cins, 6 növ. Bu təxminən Respublika teriofaunasının 65%-ni, həmçinin 9 endemik növü təşkil edir. Ümumiyyətlə İlisu DTQ-nın fəaliyyəti dönəmində qorunan ərazilərdə aparılan elmi-tədqiqatların nəticəsi olaraq Milli Park yaradılacağı ərazilərdə Azərbaycanın yırtıcı məməlilər faunasının 90%-i, Qafqaz biomüxtəlifliyinin isə 70 %-nin mövcud olması müəyyən edilmişdir.
Milli Parkın coğrafi xüsusiyyətləri araşdırılarkən onun florasının 143 növü aşağı, 122 növü orta, 262 növü isə yuxarı dağ qurşağına yayıldığı müəyyən edilmişdir.
Milli Parkın florasında 123 dərman, 157 vitaminli, 81 efir yağlı, 178 bal verən, 46 boyaq, 47 aşımaddəli, 115 bəzək, 121 yabani qida, 71 növü isə yem əhəmiyyətli növ kimi müəyyənləşdirilmişdir.






