Milli Qəhrəman Rəhimov Cavanşir İzzət oğlu
Sabahın xeyir, #Qax!
Milli Qəhrəman Rəhimov Cavanşir İzzət oğlu 1973-cü il iyun ayının 5-də Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açıb. Onun 1 yaşı olanda ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçüb. Gələcək qəhrəman buradakı 104 nömrəli orta məktəbin 8-ci sinfini bitirdikdən sonra texniki-peşə məktəbində oxuyub. Eyni zamanda, karate ilə məşğul olub və idman ustası normativini ödəyib.
Birinci Qarabağ müharibəsi başlananda hələ əsgərliyə yaşı çatmasa da, Cavanşir dəfələrlə hərbi komissarlığa üz tutub. Lakin onu “Gözlə, yaşın çatsın” cavabı ilə geri qaytarıblar. Nəhayət,1992-ci ildə C.Rəhimov əsgəri xidmətə çağırılıb və taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşüb. İlk gündən özünü qorxmaz, cəsur əsgər kimi göstərib. Bir müddət təlim keçərək bort-atıcı peşəsinə yiyələnib. İlk döyüş yolu Ağcabədidən başlayıb. Ağdərə, Tərtər, Ağdam, Füzuli, Laçın, Qubadlı bölgələrindən yaralıların çıxarılmasında, düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etməkdə böyük igidliklər göstərib.
Həmin il avqustun 6-da Ağdərənin Qasapet yüksəkliyindəki döyüşçülərimizi xilas etmək üçün havaya qalxan hərbi vertolyot üç dəfə uçuş edərək erməni mövqelərini atəşə tutur və düşmənin bütöv bir bölüyünü məhv edir. Növbəti uçuş öncəsi Cavanşir yaralı olsa da, qətiyyətlə həmlə uçuşuna hazır olduğunu bildirir və vertolyot yenidən havaya qalxaraq tapşırığı yerinə yetirməyə yollanır. İgid şahinlərimiz son ana qədər düşmən mövqelərinə od yağdırırlar. Amma uçan döyüş maşını güclü raket atəşinə tutularaq vurulur. Bu zaman zərbənin gücündən Cavanşir yaxınlıqdakı taxıl zəmisinə düşür. Bir aydan sonra həmin ərazidə mal-qara otaran çoban onun nəşinə rast gəlir və yaxınlıqdakı hərbi hissəyə məlumat verir. Sentyabrın 9-da Müdafiə Nazirliyinin hərbçilərinin iştirakı ilə onu Bakıdakı Şəhidlər Xiyabanında torpağa tapşırırlar. Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Cavanşir İzzət oğlu Rəhimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Suraxanı rayonundakı 146 saylı orta məktəb onun adını daşıyır. Qaraçuxur qəsəbə parkında büstü qoyulub.
Torpaqlarımızın müstəqilliyi, azadlığı və suverenliyi uğrunda şəhid olmuş bütün el oğullarımıza Allah rəhmət eləsin!






