Müasir dövrdə enerji təhlükəsizliyi hər bir dövlətin strateji dayaqlarından biridir
Müasir dövrdə enerji təhlükəsizliyi hər bir dövlətin strateji dayaqlarından biridir. Bu baxımdan da qaz təsərrüfatı sistemi ölkəmizin sosial-iqtisadi inkişafında mühüm yer tutur. Təbii qazın fasiləsiz, təhlükəsiz və keyfiyyətli şəkildə əhaliyə çatdırılması insanların rifahının yüksəldilməsinə, sənaye və iqtisadiyyatın dayanıqlı fəaliyyətinə xidmət edir.
Azərbaycanın enerji sektorunun inkişafı Ümumilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş uğurlu neft və enerji strategiyasına əsaslanır. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qaz istismarı sahəsi təbii qazın əhaliyə, müəssisələrə və istehsalat obyektlərinə təhlükəsiz, fasiləsiz və səmərəli şəkildə çatdırılmasını təmin edən mühüm xidmət sahəsidir.
Bu sahənin əsas fəaliyyət istiqamətləri, mavi yanacağın qəbulu və paylanması, qaz şəbəkələrinin istismarı təhlükəsizliyinin təmin edilməsi, təmir bərpa işləri, abonent xidmətlərindən ibarətdir.
Qax şəhəri ilə yanaşı rayonun 24 kəndi qazlaşdırılmışdır. Təbii qazın rayon ərazisinə daxil olması və paylanması prosesi Qorağan kəndində yerləşən Qax Qaz Paylayıcı Stansiyası (QPS) vasitəsilə həyata keçirilir. Qaz təchizatı şəbəkəsində sabitliyin təmin edilməsi və qazın təzyiqinin optimal səviyyədə tənzimlənməsi məqsədilə, hazırda rayon ərazisində 147 ədəd müasir texnoloji standartlara cavab verən Şkaftipli Qaz Tənzimləyici Məntəqə (ŞQTM) istismar olunmaqdadır.
Qax sahəsi tərəfindən hazırda 11370 əhali və 246 qeyri-əhali abonentinin kəsintisiz enerji təminatı həyata keçirilir. İstehlak olunan təbii qazın dəyəri mövcud tariflərə uyğun hesablanır və bütün ödənişlər müasir elektron sistemlər vasitəsilə icra edilir. Bu da öz növbəsində xidmət səviyyəsinin yüksəldilməsinə, ödənişlərdə şəffaflığın və dəqiqliyin qorunmasına xidmət edir.
Qurumun əsas fəaliyyət prioritetləri təbii qazın abonentlərə fasiləsiz, təhlükəsiz və keyfiyyətli şəkildə çatdırılmasından, qaz şəbəkəsinə mütəmadi texniki baxışın keçirilməsindən və infrastrukturun daim işlək vəziyyətdə saxlanılmasından ibarətdir. Vətəndaş məmnuniyyətini əsas tutan müəssisə xidmət keyfiyyətinin daha da artırılması istiqamətində fəaliyyətini davam etdirir.






