Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Müasir dövrdə hər bir dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini səmərəli məşğulluq strategiyasının formalaşdırılması və əmək bazarının müasir çağırışlara uyğun tənzimlənməsi təşkil edir

19 iyun 2026 | 09:16

Müasir dövrdə hər bir dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini səmərəli məşğulluq strategiyasının formalaşdırılması və əmək bazarının müasir çağırışlara uyğun tənzimlənməsi təşkil edir. Dövlətin məşğulluq siyasəti ölkənin iqtisadi potensialının gücləndirilməsi, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və əhalinin rifah halının yüksəldilməsinə yönəlmiş kompleks tədbirlər sistemidir. Bu siyasətin təməlində vətəndaşların əmək hüquqlarının qorunması, işsizliyin minimuma endirilməsi və hər bir fərd üçün bərabər imkanların yaradılması prinsipləri dayanır.

Dövlət tərəfindən həyata keçirilən məşğulluq tədbirləri mahiyyətinə və əmək bazarına təsir mexanizmlərinə görə iki əsas istiqamətdə — aktiv və passiv məşğulluq proqramları qismində qruplaşdırılır. Aktiv məşğulluq tədbirləri əmək bazarına birbaşa müdaxilə etməklə yeni iş yerlərinin yaradılmasını, əhalinin işgüzarlıq fəallığının artırılmasını və işsiz şəxslərin yenidən səmərəli əmək fəaliyyətinə inteqrasiyasını stimullaşdırır. Bu çərçivədə vətəndaşların kiçik biznes fəaliyyətinə başlaması üçün mal və materiallar formasında lazımi aktivlərlə təmin edilməsini nəzərdə tutan özünüməşğulluq proqramları xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, əmək bazarının müasir tələblərinə və rəqəmsal transformasiya proseslərinə uyğun olaraq kadrların yenidən hazırlanması məqsədilə peşə hazırlığı və ixtisasartırma kursları təşkil edilir, habelə işəgötürənlərlə işaxtaranlar arasında birbaşa və effektiv kommunikasiya platformasının qurulması üçün müntəzəm olaraq əmək yarmarkaları keçirilir. Passiv məşğulluq tədbirləri isə ölkədə sosial cəhətdən dayanıqlı işsizlikdən müdafiə sisteminin qurulmasını, o cümlədən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq işsizlikdən sığorta ödənişlərinin təyin edilməsini və müvafiq sosial dəstək mexanizmlərinin çevik tətbiqini əhatə edir.

Sözügedən aktiv məşğulluq tədbirlərinin regional müstəvidə davamı olaraq, iyunun 17-də Qax şəhərində Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional Məşğulluq filialının təşkilatçılığı və Qax Rayon İcra Hakimiyyətinin yaxından dəstəyi ilə işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası keçirilmişdir. Aktiv məşğulluq platformasına çevrilən bu tədbirə rayon ərazisində fəaliyyət göstərən 23 işəgötürən müəssisə tərəfindən ümumilikdə 80-dək boş iş yeri (vakansiya) təqdim olunmuşdur. Təqdim olunan vakansiyalar regional iqtisadiyyatın aparıcı sahələrini, o cümlədən kənd təsərrüfatı, turizm və otelçilik, ictimai iaşə, təhsil, incəsənət və dövlət sektorunu, eləcə də müxtəlif peşə və ixtisasları əhatə etmiş, təklif edilən iş yerləri üzrə aylıq əməkhaqqı məbləği isə 400–800 manat arasında dəyişmişdir.

Yarmarkada aqrar sektor üzrə “Ulu Aqro”, “Tam Aqro” və “Aqrovest” MMC-lər, turizm və xidmət sahəsi üzrə “Ulu Yurd”, “Uludağ” və “Səngər Qala” otel kompleksləri, habelə rayonun Təhsil sektoru və Peşə Liseyi aktiv iştirak edərək daha çox iş yeri təqdim edən müəssisələr sırasında yer almışlar. İşəgötürən təşkilatların səlahiyyətli nümayəndələrinin də birbaşa iştirak etdiyi tədbir çərçivəsində, vakant yerlər üzrə müraciət edən vətəndaşların obyektiv qiymətləndirilməsi məqsədilə CV-lər qəbul edilərək nəzərdən keçirilmişdir. Hazırda müraciət edən şəxslərin müvafiq vakansiyalar üzrə səmərəli məşğulluqlarının qısa müddətdə təmin edilməsi istiqamətində qanunvericiliyə uyğun zəruri prosedurlara başlanılmışdır.

 

Keçidlər