Müsəlman aləminin ayrılmaz bir hissəsi olan Azərbaycanda həmişə mütərəqqi mənəvi dəyərlərin qorunması və təbliğinə həssaslıqla yanaşılmışdır
İslam dünyasının mübarək bayramlarından olan Qurban mərasimi insanların birliyinə, bərabərliyinə xidmət edir. Qurban bayramı dostluğun, qardaşlığın, fədakarlığın cəmiyyətdə inkişafı və gələcək nəsillərə təlqin edilməsi üçün gözəl fürsətdir. Bu ayinin fitrətində Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığı dayanır. Qurban mərasimi insanın mənəvi dünyasında işıq, mərhəmət yaradır, onu Yaradana yaxınlaşdırır. Bu təkcə Allaha bağlılıq deyil, həm də insanların bir-birinə rəğbəti, ülfəti, dəstəyi və qayğısıdır. Qurban bayramının əsrlərdir eyni coşqu və sevgi ilə qeyd olunmasının səbəbi məhz bu mütərəqqi anlayışları özündə birləşdirməsidir.
Müsəlman aləminin ayrılmaz bir hissəsi olan Azərbaycanda həmişə mütərəqqi mənəvi dəyərlərin qorunması və təbliğinə həssaslıqla yanaşılmışdır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Qurban və Ramazan bayramları ümumxalq bayramları sırasına daxil olaraq dövlət səviyyəsində qeyd edilir.
Müstəqil Azərbaycanda dini dəyərlərə, xalqımızın yüzilliklərlə yaşatdığı inanc irsinə yüksək ehtiramın göstərilməsində, qədim ibadət məkanlarının bərpası və ziyarətçilərin üzünə açılmasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olmuşdur. Ulu öndər dini bayramlar zamanı həmişə xalqın yanında olmuş, onları təbrik etmişdir. Ulu öndər bu müqəddəs bayramı yüksək qiymətləndirərək deyirdi: “Bütün müsəlmanların böyük təntənə ilə qeyd etdikləri Qurban bayramı insanın ən çətin məqamlarında düzgün mövqe seçmək, ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təcəssüm etdirir”.
Milli-mənəvi dəyərlərimizin hamisi kimi Ulu öndərin bu siyasəti, İslam irsinə diqqət və qayğısı hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin formalaşmasına, İslam dəyərlərinin dünyada təbliğinə nümunəvi töhfələr verir. Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın mədəni-mənəvi mirasının qorunması və təbliği istiqamətində də ölkəmizdə və xaricdə irimiqyaslı layihələr həyata keçirilir. Respublikamızda sosial-iqtisadi inkişafa yönəlik dövlət proqramlarına dəstək verən Fond aztəminatlı ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayır.
Bu il də cənab Prezident İlham Əliyev İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə hər il olduğu kimi Azərbaycan xalqını təbrik edərək, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin ölməz xatirəsini bir daha ehtiramla yad etdi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımıza səmimi təbriklərini çatdırdı.
İnsanın Yaradana inam və sədaqətini ehtiva edən Qurban ayini bizləri xeyirxah amallara çağırır, mənəvi rahatlığımıza vəsilə olur. İnsanlar Tanrının sonsuz qüdrət və mərhəmətinə şükür edir, qurbanlar kəsərək imkansızlarla bölüşürlər. Ölkəmizdə digər dinlərin nümayəndələri də bu mübarək bayramın fəzilətlərindən yararlanır, birlik və bərabərlik nümayiş etdirirlər.
Artıq Qurban bayramını ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində qarşılayırıq.
Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, xalqımızın birliyi və güclü ordumuzun əzmi ilə 44 gün ərzində işğal altındakı torpaqlarımız düşmən əsarətindən azad olundu. Qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.
Qəhrəman Azərbaycan əsgərinin işğaldan azad olmuş ərazilərdə dövlətimizin üçrəngli bayrağını ucaltması, Qarabağdakı məscidlərin minarələrindən azan səsinin eşidilməsi İlahi ədalətin təcəssümüdür. Allah Vətən uğrunda, bu şanlı zəfər yolunda canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin!
Rayon rəhbərliyi dünya müsəlmanlarının böyük təntənə ilə qeyd etdiyi müqəddəs Qurban bayramı münasibəti ilə rayon sakinlərini səmimi qəlbdən təbrik edir, ailələrinə xoşbəxtlik, süfrələrinə bol ruzi və xeyir-bərəkət arzulayır.
Bayramınız mübarək!