“Müstəqil və suveren Azərbaycan” mövzusunda dəyirmi masa keçirildi
18 oktyabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının rayon şöbəsinin inzibati binasında “Müsəqilliyin Bərpası Günü” ilə bağlı “Müstəqil və suverən Azərbaycan” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, Yeni Azərbaycan Partiyası fəallarının, şəhid ailələri və qazilərin, rayon ictimaiyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova açaraq bildirdi ki, 1991-ci ildə Azərbaycan Müstəqilliyini bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən dövlət rəhbərliyindəkilərin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Məhz belə bir zamanda Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca ölkə iqtisadiyyatında bazar iqtisadiyyatı prinsipləri əsas götürülməyə başlandı.
Həmçinin qeyd etdi ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması üçün islahatlar həyata keçirir. Dörd il bundan əvvəl 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olundu. 2023-cü ilin sentyabr ayında isə 23 saatlıq antiterror əməliyyatları ilə ermənilərin son silahlı dəstələri məhv edildi. Azərbaycan xalqı öz liderinin ətrafında daha möhkəm birləşərək müstəqilliyimizin və ərazi bütövlüyünün həmişəyaşarlığına imza atdı. Bu gün müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik.
Tədbirdə YAP rayon təşkilatının sədri Natiq Allahverdiyev, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rayon üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi İlqar Qədimov, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Güllü Əhmədova , Tofiq İsmayılov adına 5 saylı tam orta məktəbin direktoru Faiq Sofiyev çıxış edərək qeyd etdilər ki, bu gün, Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 33 ili tamam olur. Azərbaycan xalqı bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli hadisələrin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin qeyd edilməsi, onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir. Ulu Öndərin vaxtilə söylədiyi “Azərbaycanın Dövlət Müstəqilliyi daimidir, əbədidir, dönməzdir” fikri natiqlərin çıxışının əsas istiqaməti oldu.