Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Müstəqilliyimizin bərpası günü, yalnız keçmişi anmaq deyil, eyni zamanda gələcək üçün yeni hədəflər müəyyən etmək, müstəqil Azərbaycanı daha da irəlilətmək üçün bir imkandır

17 oktyabr 2025 | 16:22

18 oktyabr- Müstəqilliyimizin Bərpası Günü respublikamızın hər yerində olduğu kimi rayonumuzda da qeyd olunmuşdur.

17 oktyabr 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar rayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüş, xatirəsinə ehtiramlarını ifadə etmişlər. 

Sonra YAP rayon təşkilatının inzibati binasında Rayon rəhbərliyi, YAP rayon təşkilatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ayrı-ayrı idarə, müəssisə və təşkilat kollektivlərinin rəhbərləri, və ictimaiyyət nümayəndələrinin iştirakı ilə dəyirmi masa  keçirilmişdir.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri rayon icra hakimiyyəti başçısının müavini, İctima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova giriş sözü ilə açaraq bildirdi ki, bu gün Azərbaycanın həyatında əlamətdar gündür – Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının otuz dördüncü ildönümüdür. 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etmişdir. 1991-ci ildə Azərbaycan Müstəqilliyini bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistanın ölkəmizə qarşı başladığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti, digər tərəfdən o dövr ki rəhbərliyin səriştəsizliyi, daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Məhz belə bir zamanda Azərbaycan xalqının təkidli tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdan kimi ölkədə baç verən sosial, iqtisadi və siyasi qeyri-müəyyənliyi məharətlə aradan qaldırdı. Dövləti məhv olmaq, parçalanmaq təhlükəsindən qurtardı. Elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu başlanıldı. Bununla yanaşı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı.

Aparılan uğurlu siyasət nəticəsində Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və “Əsrin müqaviləsi” imzalandı. Ölkə iqtisadiyyatında dönüş baş verdi.

Həmçinin qeyd etdi ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması üçün islahatlar həyata keçirir. Beş il bundan əvvəl 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad olundu. 2023-cü ilin sentyabr ayında isə 23 saatlıq antiterror əməliyyatları ilə ermənilərin son silahlı dəstələri məhv edildi. Azərbaycan xalqı öz liderinin ətrafında daha möhkəm birləşərək müstəqilliyimizin və ərazi bütövlüyünün həmişəyaşarlığına imza atdı. Bu gün müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik.

Diplomatik fəaliyyətdə cənab İlham Əliyev Azərbaycanı sülhsevər və etibarlı tərəfdaş kimi dünyaya tanıtmışdır. Beynəlxalq qurumlarla əməkdaşlıq, regional təşəbbüslər və ikitərəfli müqavilələr ölkəmizin nüfuzunu artırmışdır. Qarabağ məsələsi bu diplomatik uğurların ən yaxşı nümunəsidir: müharibədən sonra həyata keçirilən sülh danışıqları və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq Azərbaycanın regional sabitlikdə rolunu gücləndirmiş, Qarabağı və Şərqi Zəngəzuru inkişafın yeni mərkəzinə çevirmək üçün zəmin yaratmışdır.

Qarabağ və Şərqi Zəngəzur bu gün yeni inkişaf dövrünü yaşayır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması, orada layiqli şəkildə yaşaması üçün genişmiqyaslı tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır. Ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir, keçmiş məcburi köçkünlər mərhələli şəkildə yenidən doğma yurdlarında məskunlaşırlar. Eyni zamanda, cənab Prezidentin ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu azad olunmuş ərazilərdə tarixi, mədəni və dini abidələrimizin bərpası istiqamətində böyük işlər görür. Həmin ərazilər yalnız keçmiş məcburi köçkünlərin qayıdışı ilə məhdudlaşmır, buralar həm də bugün dünyanın diqqət mərkəzindədir. Şuşa və Xankəndi şəhərlərində nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi bunun əyani sübutudur.

Tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədr müavini İlkin Abbasov “18 oktyabr-Müstəqilliyimizin Bərpası Günüdür” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. 

         Tədbirdə çıxış edən natiqlər Müstəqilliyimizin əbədi, sarsılmaz və dönməz olduğunu bir daha diqqətə çatdırmışlar.

Keçidlər