Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Novruz tonqalını şəhid övladları alovlandırıb

18 mart 2025 | 15:33

Xalqımızın ən qədim adət-ənənələrindən olan milli birlik və həmrəylik bayramı Novruz rayonda böyük ruh yüksəkliyi ilə qeyd edilib.

Baharın gəlişi münasibətilə martın 18-də “İçəribazar” Turizm Mədəniyyət Mərkəzində ümumrayon bayram şənliyi keçirilib.

Bayram tədbiri Novruz tonqalının alovlandırılması ilə başlayıb. Tonqalı Vətən müharibəsi şəhidlərinin övladları alovlandırıblar.

Dədə Qorqud və Bahar qızı şənlik iştirakçılarını qədim adət-ənənələrimizdən olan Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza bahar təravətli günlər arzulayıblar.

Sonra tədbir iştirakçıları xalqımızın qədim adət-ənənələrini özündə əks etdirən sərgilərə, guşələrə baxıb, el sənətkarlarının əl işləri və milli mətbəx nümunələri ilə tanış olublar.

Novruzun personajları olan Kosa və Keçəl şənlik boyunca məzəli oyunları, dadlı və duzlu zarafatları ilə hamıya xoş əhvali-ruhiyyə bəxş ediblər.

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev tədbirdə çıxış edərək milli-mənəvi dəyərlərimizin, qədim adət-ənənələrimizin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Bildirib ki, hər il beynəlxalq səviyyədə qeyd olunan bu bayram müstəqilliyimizin, milli dəyərlərə hörmət və ehtiramımızın göstəricisidir.

Bayram şənliyi rayonun bədii özfəaliyyət, rəqs və folklor kollektivlərinin hazırladıqları maraqlı konsert proqramı ilə davam edib.

Rayon rəhbərliyi Novruz bayramı münasibəti ilə rayonun bütün sakinlərini təbrik edir, onlara əmin-amanlıq, xoşbəxtlik və rifah arzulayır. 
          Bayramınız mübarək olsun!

 

Keçidlər