Ölkədə fəaliyyət göstərən uşaq incəsənət məktəbləri yüzlərlə istedadlı gəncin yetişməsində mühüm rol oynayır
21 may 2026 | 09:23
Ölkədə fəaliyyət göstərən uşaq incəsənət məktəbləri yüzlərlə istedadlı gəncin yetişməsində mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyev hər zaman mədəniyyətin və incəsənətin inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab edirdi. Onun “Mədəniyyət xalqın mənəvi sərvətidir” fikri bu gün də aktualdır. Bu siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qax şəhər Uşaq İncəsənət məktəbi də uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etrdirilməsi, onların incəsənətə marağının artırılması və milli-mənəvi dəyərlər ruhunda formalaşdırılması istiqamətində uğurlu fəaliyyət həyata keçirir.
Məktəbdə fortepiano, violin, klarnet, tar, kamança, qarmon, nağara, xanəndəlik, rəssamlıq sahələri üzrə peşəkar müəllim heyəti tərəfindən tədris aparılır. Şagirdlərə nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların formalaşdırılması üçün də geniş imkanlar yaradılır. Tədris prosesi ilə yanaşı məktəbin kollektivi rayon və respublika səviyyəsində keçirilən tədbirlərdə, müsabiqələrdə, sərgilərdə, festival və konsert proqramlarında fəal iştirak edir.
Məktəbin şagirdləri bir sıra uğurlara imza ataraq müxtəlif diplom, fəxri fərman və mükafatlara layiq görülmüşlər. Onların əldə etdiyi nailiyyətlər həm müəllim əməyinin həm də məktəbdə yaradılmış yaradıcı mühitin nəticəsidir.
Qax şəhər Uşaq İnəcəsənət məktəbi gələcəkdə də istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və Azərbaycan mədəniyyətinin təbliği istiqamətində fəaliyyətini davam etdirməyi qarşısına əsas məqsəd kimi qoyur.






