“Qadınlara qarşı Gender əsaslı zorakılıqla mübarizə” adlı növbəti maarifləndirici tədbir keçirilib
Qax Rayon İcra Hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupu tərəfindən Heydər Əliyev Mərkəzində “Qadınlara qarşı Gender əsaslı zorakılıqla mübarizə” adlı maarifləndirici tədbir keçirilib. Dəyirmi masa şəklində keçirilən tədbir “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova Azərbaycan qadınlarının cəmiyyətin sosial, iqtisadi və siyasi həyatında artan rolunun ölkəmizin inkişafına mühüm töhfə verdiyini, Azərbaycanda həyata keçirilən gender siyasətinin tarixi ənənələrlə müasir çağırışları uğurla birləşdirdiyini qeyd edib. O Vurğulayıb ki, müstəqillik dövründə qadınların cəmiyyətdə rolunun gücləndirilməsi Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin prioritet istiqamətlərindən biri olmuş, məhz Ulu Öndərin rəhbərliyi ilə ölkədə qadın hərəkatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Əsası Ulu Öndər Heydər Əliyev vtərəfindən qoyulan qadın hüquqlarının qorunması, təbliğ olunması məqsədlərinə xidmət edən uğurlu dövlət-qadın siyasəti, gender bərabərliyi prinsipi bu gün Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qadınlara yaradılan bütün imkanlar daha da genişləndirilir.
Qadınların hüquq bərabərliyinin Konstitusiyada təsbit edilməsi və Azərbaycanın bu sahədə bütün mühüm beynəlxalq sənədlərə qoşulması nəticəsində gender siyasətinin davamlı inkişafı üçün möhkəm zəmin yaradılıb. Həyata keçirilən layihələr və maarifləndirici fəaliyyətlər qadınların rolunu gücləndirir və yeni uğurların qapısını açır.
V.Heydərova onu da qeyd etdi ki, Azərbaycanda qadınlarla bağlı hüquqi bazanın təkmilləşdirilməsi, bərabər hüquqların təmin edilməsi üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Yüksək mənəviyyat və humanizm ideallarına sadiqlik, çoxəsrlik tariximizdən süzülüb gələn Azərbaycan qadınına xas ən ali keyfiyyətləri özündə birləşdirən Mehriban xanım Əliyeva öz əməlləri ilə bu ali dəyərləri yaşadır.
Tədbirdə çıxış edən natiqlər gender bərabərliyinin yalnız hüquq məsələsi deyil, eyni zamanda cəmiyyətdə sülhün, təhlükəsizliyin və rifahın əsas təməli olduğunu, Azərbaycanın bu çağırışa daim cavab verdiyini və qadınların cəmiyyətdə rolunun artırılması, hüquq və imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdiyini qeyd etdilər.
Tədbirin sonunda gender əsaslı zorakılığın qarşısının alınmasına dair maarifləndirici videoçarx nümayiş olunub.






