Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qan yaddaşımız Xocalı

26 fevral 2024 | 13:01

Keçmişini unudanların onu yenidən yaşamaq məcburiyyətində olması tarixin ibrət dərsidir. Azərbaycanın çağdaş tarixində də unudulması mümkün olmayan, bütövlükdə xalqın qəlbində dərin iz salaraq onu daim mübarizə və qisas ruhunda kökləyən elə faciəli hadisələr var ki, heç zaman milli yaddaşdan silinməyəcəkdir.

Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli hadisələrdən biridir. 32 il öncə 1992- ci il fevralın 25- dən 26-na keçən gecə ermənilər dünyada ən əzazil, qəddar və qaniçən millət olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etdilər.

 Fevralın 26-na keçən gecə Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. O dəhşətli gecə Azərbaycan xalqının ürəyinə bir süngü kimi sancıldı. Gecə vaxtı dinc əhaliyə hücum etmək, uşaqları, qadınları, qocaları, xəstələri vəhşicəsinə öldürmək, onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu açıq-aşkar sübut edir.

Bütün bunlar ermənilərin 31  il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərinin kökündə məhz soyqırım niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır.
       Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdandan sonra bir çox faciələrimiz kimi Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilməsi mümkün olmuşdur. Bu dəhşətli soyqırımın əsl mahiyyəti açıqlandı, 1994-cü ilin fevralında Milli Məclis Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdi. Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində xeyli iş gördü.

Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması hər zaman Ulu Öndərin
layiqli davamçısı Prezident İlham Əliyevin də fəaliyyətinin mühüm istiqamətləri
sırasındadır. Cənab İlham Əliyev də çıxışlarında ermənilərin zaman-zaman azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirdiklərini önə çəkir. Ölkə başçısı Xocalı soyqırımını törədənlərin ifşası və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması məsələsini Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Eləcə də Xocalı həqiqətlərinin beynəlxalq aləmdə yayılması, bu soyqırıma obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində uğurla fəaliyyət göstərir. Bu Fond tərəfindən hazırlanan vəsaitlər - kitablar, albomlar, video-disklər dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlərdə təbliğat vasitəsi kimi istifadə edilir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə İKT-yə üzv olan dövlətlər 26 fevral tarixini humanitar fəlakət qurbanlarının xatirəsini anım günü kimi qeyd olunması barədə qərar qəbul ediblər. Bu isə faciənin soyqırımı kimi tanıdılmasına yönəldilmiş addımların səmərəli olduğunu sübut edir.

2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə Silahlı Qüvvələrimizin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə imzaladığı Fərman və sərəncamlar, verdiyi tapşırıqlar bəhrəsini verdi. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurun işğal edilən ərazilərinin böyük əksəriyyəti düşmən tapdağından azad olundu. Xocalı şəhəri işğaldan 31 il sonra, 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

Bu gün ölkəmizin hər yerində günahsız Xocalı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilir. Xocalı soyqırımı qurbanlarının müqəddəs ruhu qarşısında bir daha baş əyir, Tanrıdan onlara rəhmət diləyir və deyirik: Allaha şükürlər olsun ki, bu qisas qiyamətə qalmadı!

Keçidlər