Qax DAİM “10 ilin nəticələri və gələcəyə baxış”
Azərbaycan Respublikasının kənd təsərrüfatı sektorunda həyata keçirilən köklü islahatlar regionlarda aqrar fəaliyyətin müasir standartlara uyğun qurulmasına geniş imkanlar açıb. Dövlət Aqrar İnkişaf mərkəzləri (DAİM) Azərbaycanda aqrar sahənin idarə olunması, fermerlərə göstərilən xidmət və kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində fəaliyyət göstərən əsas dövlət strukturlarından biridir.
Bu islahatların mərkəzində dayanan Qax Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) fəaliyyətə başladığı gündən etibarən fermerlə dövlət arasında möhkəm körpü rolunu oynayaraq, rayonun iqtisadi mənzərəsini kökündən dəyişib.
2015-ci ildən başlayan struktur islahatları nəticəsində 2016-cı ildə Kənd Təsərrüfatı İdarələri fəaliyyətə başlamış, 2018-ci ildə isə bu struktur daha da təkmilləşdirilərək Dövlət Aqrar İnkişaf Mərkəzləri təsis edilmişdir. Qax DAİM-in əsas missiyası “vahid pəncərə”, operativlik, şəffaflıq və məsuliyyət prinsipləri əsasında fermerlərə dövlət dəstəyini çatdırmaq, onların sosial rifahına töhfə verməkdir.
Dövlət Aqrar İnkişaf Mərkəzi fermerlərə göstərilən xidmətlərin keyfiyyətini və operativliyini təmin etmək məqsədilə üç əsas struktur bölmə üzrə formalaşmışdır ki, bura Maliyyə-təsərrüfat (Dövlət texniki nəzarət xidməti daxil olmaqla), Bitkiçilik və Heyvandarlıq sektorları daxildir.
Maliyyə-təsərrüfat sektoru mərkəzin daxili kargüzarlıq işlərini, vətəndaş müraciətlərinin rəqəmsal idarə olunmasını və kənd təsərrüfatı texnikalarına dövlət texniki nəzarətinin həyata keçirilməsini təmin edərək mexanizatorların maarifləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Mərkəzin mütəxəssisləri tərəfindən göstərilən informasiya-məsləhət xidmətlərinin nəticəsi olaraq, rayonda əsas bitkiçilik sahələrində rekord göstəricilər əldə edilib. Taxılçılıq sahəsində 2016-cı ildə hər hektardan orta məhsuldarlıq 28.2 sentner təşkil edirdisə, düzgün aqrotexniki qulluq nəticəsində bu gün həmin göstərici 35.2 sentnerə yüksəlib. Eyni uğurlu dinamika qarğıdalı əkinlərində də müşahidə olunur; belə ki, müasir becərmə üsulları sayəsində məhsuldarlıq 62 sentnerdən 90.3 sentnerə çatdırılıb.
Dövlətin xüsusi qayğı göstərdiyi tütünçülük sahəsində də ciddi irəliləyişlər qeydə alınmış, orta məhsuldarlıq 13.4 sentnerdən 20.9 sentnerə yüksəlmişdir. Rayonun rəmzi hesab olunan fındıqçılıq sektorunda həm bağların sahəsi genişləndirilmiş, həm də məhsuldarlıq hektara 8.2 sentnerə çatmışdır. Sevindirici haldır ki, su ehtiyatlarından qənaətlə istifadə məqsədilə rayonda 650 hektardan çox sahədə müasir damlama suvarma sistemi ilə təchiz edilmiş intensiv fındıq bağları salınmışdır.
Heyvandarlıq sektorunda innovativ metodların və süni mayalanmanın tətbiqi nəticəsində cins tərkibi xeyli yaxşılaşdırılmışdır. Son 10 il ərzində süni mayalanma hallarının sayı 5 dəfə, alınmış sağlam balaların sayı isə 3 qat artmışdır. 2025-ci ildən etibarən ilk dəfə camışçılıq sahəsində də subsidiya tətbiqinə başlanılmış və artıq süni mayalanma yolu ilə ilk nəticələr əldə edilmişdir. Rayon üçün xarakterik olan arıçılıq sahəsində isə dövlət dəstəyi sayəsində arı ailələrinin sayı son onillikdə 20000 civarında artmışdır. Həmçinin, işğaldan azad edilmiş Laçın və Kəlbəcər yaylaqlarına mövsümi köç prosesi artıq EKTİS portalı üzərindən daha təkmil formada həyata keçirilir.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) yaradılması subsidiyaların verilməsində tam şəffaflığı təmin etmişdir. Bu gün rayonda 5581 fermer bütün əməliyyatlarını kağız daşıyıcılara ehtiyac olmadan elektron formada həyata keçirir. Texniki təminat sahəsində də mühüm addımlar atılmış, rayon üzrə 1297 texnika qeydiyyata alınmışdır. Mərkəz tərəfindən keçirilən səyyar xidmətlər, xüsusilə 2026-cı ilin aprelində Marsan kəndi və ətraf ərazilərdə 55 texnikaya yerində xidmət göstərilməsi fermerlərin işini xeyli asanlaşdırmışdır.
Qax DAİM 2026-cı ildən etibarən kənd təsərrüfatında Süni İntellektin tətbiqi layihələrinə start verir. Bu layihələr çərçivəsində dron texnologiyaları vasitəsilə bitki xəstəliklərinin erkən aşkarlanması, ağıllı sensorlarla torpağın rütubət və temperaturuna real vaxt rejimində nəzarət edilməsi və smart idarəetmə sistemləri ilə resursların optimallaşdırılması nəzərdə tutulur.






