Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Dövlət Kukla Teatrının 50 yaşı tamam olub

16 noyabr 2022 | 17:28

   Qax Dövlət Kukla Teatrında bu sənət ocağının yaranmasının 50 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.   Rayon rəhbərliyinin, sənət adamlarının, azyaşlı tamaşaçıların iştirak etdiyi yubiley tədbirində ötən müddətdə teatrın qazandığı uğurlardan söz açılıb. Bildirilib ki, Qax rayon mədəniyyət evinin nəzdində 1971-cü ildən dərnək, 1976-cı ildən isə xalq teatrı kimi fəaliyyət göstərən bu teatra 1992-ci ildə Dövlət Kukla Teatrı statusu verilib. Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb.

   Ötən illər ərzində Qax teatrı dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edib, uğur qazanıb. Yaradıcı kollektiv 1993-cü ildə mono tamaşalar festivalında iştirak edib. İlk dəfə 1997-ci ildə Gürcüstanda qastrol səfərində olub. 2003-cü ildə Bakı şəhərində keçirilən uşaq tamaşaları festivalında iştirak edib və festivalın diplomunu qazanıb.

    Qax teatrı 2005-ci ildə Türkiyənin İzmir şəhərində keçirilən “Uluslararası kukla və kölgə oyunları” festivalında, 2009-2010-cu illərdə Estoniyanın Viliandi və Tallin şəhərlərində keçirilən beynəlxalq festivallarda, 2014-cü ildə Rusiya Federasiyasının Həştərxan vilayətində keçirilən “Xəzər sahili”, 2016-cı ildə isə Ukraynada təşkil olunan Beynəlxalq kukla teatrları festivallarında ölkəmizi layiqincə təmsil edib, mükafata layiq görülüb.

    Teatr, eyni zamanda, 2008-ci və 2010-cu illərdə ölkəmizdə keçirilən I və II Respublika kukla teatrları həftəsində, 2011-ci və 2013-cü illərdə isə I və II Beynəlxalq kukla teatrları festivalında uğurla çıxış edərək diplomlarla mükafatlandırılıb. Teatrda 1992-ci ildən bu günədək 82, yaranandan bəri isə 150-dək tamaşa hazırlanıb.

     Diqqətə çatdırılıb ki, uğurlu fəaliyyətinə görə, kollektivin 2 üzvü “Əməkdar mədəniyyət işçisi”, bir üzvü “Əməkdar artist” fəxri adlarına layiq görülüb, 4 əməkdaşı fəxri döş nişanı ilə təltif olunub. 2022-ci ildə teatrın yaradıcı və texniki heyətindən 3 nəfərə Mədəniyyət Nazirliyinin Fəxri fərmani verilib.

    Teatrın direktoru Seymur Vəliyev, baş rejissoru Əməkdar artist, Prezident mükafatçısı Yusif Abdurahmanovdur.

    Yubiley tədbirində çıxış edənlər kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

Keçidlər