“Qax Günləri”nin ikinci və üçüncü günü maraqlı və zəngin proqramla davam etdi
03 avqust 2026 | 18:05
“Qax Günləri” çərçivəsində keçirilən tədbirlər ikinci və üçüncü gün də böyük coşqu və yüksək əhval-ruhiyyə ilə davam etdi. Rayon sakinləri və qonaqlar üçün təşkil olunan müxtəlif mədəni-kütləvi tədbirlər, sərgilər və bədii proqramlar Qaxın zəngin tarixi, mədəni irsi və milli-mənəvi dəyərlərini geniş şəkildə nümayiş etdirdi.
İkinci gün ərzində qonaqlar rayonun qədim sənətkarlıq nümunələri, milli tətbiqi sənət əsərləri, rəssamların əl işləri, xalq yaradıcılığı nümunələri və yerli istehsal məhsullarından ibarət sərgilərlə tanış oldular. Milli musiqi və rəqs kollektivlərinin rəngarəng çıxışları, folklor nümunələri və bədii kompozisiyalar tədbir iştirakçılarına xoş ovqat bəxş etdi.
Tədbirlər çərçivəsində Qaxın əsrarəngiz təbiəti, qədim tarixi, multikultural dəyərləri, zəngin mətbəxi, qonaqpərvərlik ənənələri və turizm imkanları geniş şəkildə təqdim olundu. Rayonun özünəməxsus mədəni irsini əks etdirən təqdimatlar qonaqlar tərəfindən böyük maraqla qarşılandı.
“Qax Günləri”nin ikinci günü həmyerlimiz Vüqar Muradovun möhtəşəm konsert proqramı ilə yekunlaşdı. İfaçının səsləndirdiyi bir-birindən gözəl musiqi nömrələri yerli sakinlər və rayonun qonaqları tərəfindən böyük maraq və alqışlarla qarşılandı. Konsert iştirakçılara unudulmaz anlar yaşadaraq bayram əhval-ruhiyyəsini daha da yüksəltdi və “Qax Günləri”nin ikinci gününü daha da yaddaqalan etdi.
“Qax Günləri”nin üçüncü və son günü möhtəşəm bayram konserti ilə əsl sənət və mədəniyyət bayramına çevrildi.
Azərbaycanın tanınmış incəsənət ustalarının, Azərbaycan Respublikasının əməkdar artististləri Könül Kərimova, Teymur Əmrah, İlkin Əhmədov, Şeron qrupu və Sənan Əliyevin təqdim etdiyi zəngin konsert proqramı minlərlə rayon sakinləri və qonaqlara unudulmaz anlar yaşatdı. Səslənən vətənpərvərlik ruhlu mahnılar, xalq və bəstəkar musiqisinin ən gözəl nümunələri, bir-birindən rəngarəng səhnə çıxışları meydanda böyük coşqu yaratdı, tamaşaçıların alqışları gecə boyu səngimədi.
Qaxın ecazkar təbiətinin qoynunda keçirilən bu möhtəşəm sənət bayramı bir daha nümayiş etdirdi ki, milli-mənəvi dəyərlərimiz, zəngin mədəniyyətimiz və incəsənətimiz xalqımızı birləşdirən ən böyük mənəvi sərvətlərdəndir. Bayram əhval-ruhiyyəsi, birlik və həmrəylik ovqatı ilə yadda qalan konsert proqramı “Qax Günləri”nə parlaq yekun vurdu.
Gecənin ən yaddaqalan anı isə Qax səmasını işıqlandıran möhtəşəm atəşfəşanlıq oldu. Rəngarəng işıq çələngləri şəhərə xüsusi gözəllik bəxş edərək bayram sevincini daha da artırdı və tədbir iştirakçılarına unudulmaz anlar yaşatdı.
“Qax Günləri” zəngin proqramı, milli-mədəni dəyərlərimizin təbliği, qonaqpərvərlik ənənələrinin nümayişi və insanların qəlbində yaratdığı birlik, qürur və sevinc hissi ilə yadda qaldı.
Üç gün davam edən “Qax Günləri” Qaxın qədim tarixini, zəngin mədəni irsini, multikultural dəyərlərini, turizm və iqtisadi potensialını ölkə ictimaiyyətinə bir daha nümayiş etdirdi. Bu möhtəşəm tədbir həm rayon sakinlərinin qəlbində qürur hissi yaratdı, həm də Qaxın Azərbaycanın ən gözəl və ən qonaqpərvər guşələrindən biri olduğunu bir daha təsdiqlədi.






