Qax Rayon İcra Hakimiyyətinin başçısı “AZERNUTS” MMC-nin fəaliyyəti ilə tanış olub
04 aprel 2026 | 11:28
Son illər Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı məhsullarının emalı sahəsinin inkişafına dövlət dəstəyi mühüm prioritetlərdən birinə çevrilib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar bölgələrdə ixrac potensialının artırılmasına və yerli istehsalın dünya bazarlarına çıxarılmasına geniş imkanlar yaradır. Rayonumuzun fındıqçılıq sahəsindəki zəngin potensialı bu istiqamətdə mühüm rol oynayır.
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun Şotavar kəndi ərazisində fəaliyyət göstərən “AZERNUTS” MMC-yə baş çəkərək müəssisənin istehsalat prosesi, məhsul keyfiyyəti və mövcud iş şəraiti ilə yaxından tanış olmuşdur.
2020-ci ildən fəaliyyət göstərən müəssisə rayonun aqrar-sənaye sektorunda özünəməxsus yer tutur. Fındıq emalı üzrə ixtisaslaşan müəssisədə mövsümdən asılı olaraq 25 nəfərdən 60 nəfərədək sakin işlə təmin olunur ki, bu da kənd yerlərində məşğulluğun artırılmasına ciddi töhfə verir. İlin 9-10 ayı ərzində aktiv fəaliyyət göstərən zavodda yüksək keyfiyyətli çiy, qovrulmuş və üyüdülmüş fındıq ləpəsi istehsal edilir.
Müəssisədə istehsal olunan məhsullar daxili bazarda "Gilan Holding" kimi iri şirkətlərə tədarük edilməklə yanaşı, həm də geniş ixrac coğrafiyasına malikdir. Belə ki, Qax fındığı Türkiyə, Almaniya, Polşa, İtaliya, Rusiya və Baltikyanı dövlətlərin bazarlarına çıxarılaraq ölkəmizin ixrac potensialını uğurla təmsil edir.






