Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmircan kəndində səyyar qəbul keçirib
04 aprel 2026 | 11:05
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmircan kəndində sakinlərlə görüşüb.
Görüşdə Aparatın məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak edib.
RİH başçısı əvvəlcə Əmircan kənd qəbiristanlığında şəhidimizin məzarını ziyarət edib, sonra isə şəhid ailəsi ilə görüşərək onların müraciətlərini dinləyib.
Kənd sakinləri ilə görüşdə rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev respublikamızda aparılan sosial-iqtisadi islahatlardan, əhalinin rifah halının yüksəldilməsi sahəsində görülən işlərdən, dövlət-vətəndaş münasibətlərinin yüksələn xətlə inkişafından danışaraq, uğurlu siyasət nəticəsində ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərdən söz açıb.
Görüşdə eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması və bu xidmətin əlçatan və üstünlükləri barədə vətəndaşlara məlumat verilərək, onlara https://rih.gov.az/ platformasından istifadə etmək tövsiyə olunmuşdur.
Səyyar görüşdə sakinlər tərəfindən suvarma kanalına məişət tullantılarının atılmasının qarşısının alınması, kənddə 60 ailənin yaşadığı yeni yaşayış massivinə qaz xəttinin çəkilməsi, qəzalı elektrik dirəklərinin dəyişdirilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Hər bir vətəndaşın müraciətini dinləyən RİH başçısı Elvin Paşayev bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.






