Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev gənclərlə görüş keçirib
16 dekabr 2025 | 19:02
Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayon gəncləri ilə görüşüb, onlarla fikir mübadiləsi aparıb. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon rəhbərliyi, YAP rayon Təşkilatının sədri, Gənclər və İdman İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin yerli nümayəndəliyinin məsul şəxsləri, istedadı və ictimai fəallığı ilə seçilən gənclər, gənc yazarlar, könüllülər, Vətən müharibəsi iştirakçıları iştirak edib.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, ölkədə uğurla reallaşan gəncləşmə siyasətindən, bütün sahələrə göstərilən diqqətdən, o cümlədən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən danışıb.
Qarşılıqlı fikir mübadiləsi şəklində keçən görüşdə gənclər açıq mikrofon vasitəsilə rayon rəhbərinə öz təkliflərini bildiriblər. Görüşdə gənclər məşğulluğun təmin olunması, onların asudə vaxtının səmərəli keçirilməsi üçün məkanların təşkil edilməsi, istedadlı və bacarıqlı gənclərin fəaliyyətinə dəstək göstərilməsi, intellektual yarışların və KVN klublarının təşkili, turizmin və kənd təsərrüfatının inkişafı eləcə də sosialyönümlü məsələlər barədə təkliflər səsləndiriblər.
RİH başçısı Elvin Paşayev verilən təkliflərin dərhal araşdırılacağını və onların həlli istiqamətində addımların atılacağını qeyd edib.
Çıxış edən gənclər ölkədə aparılan uğurlu gənclər siyasətinin hər bir Azərbaycan gəncinin həyatını müsbət mənada dəyişəcəyini və ölkədəki uğurlu inkişafa daim öz fəaliyyətləri ilə dəstək verəcəklərini bildirərək onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.






