Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ilə Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Yuri Qusev arasında rəsmi görüş keçirilmişdir.
07 yanvar 2026-cı il tarixində Qax Rayon İcra Hakimiyyətinin aparatında İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ilə Ukraynanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Yuri Qusev arasında rəsmi görüş keçirilmişdir.
Görüş zamanı Ukrayna–Azərbaycan münasibətlərinin formalaşma və inkişaf yolu ətraflı şəkildə müzakirə olunmuş, diplomatik əlaqələrin qurulduğu ilk dövrlərdən etibarən iki ölkə arasında siyasi dialoqun, qarşılıqlı etimadın və strateji tərəfdaşlığın ardıcıl olaraq möhkəmləndiyi qeyd edilmişdir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan–Ukrayna münasibətlərinin möhkəm və etibarlı təməl üzərində qurulmasında müstəsna rolu xüsusi vurğulanmışdır. Bildirilmişdir ki, Ulu Öndərin hakimiyyəti dövründə iki ölkə arasında dostluq, qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələr formalaşmış, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın əsasları yaradılmışdır.
Qeyd olunmuşdur ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət çərçivəsində Ukrayna ilə münasibətlərin inkişafı Azərbaycanın prioritet istiqamətlərindən biri olaraq davam etdirilir.
Görüşdə, həmçinin Azərbaycan ilə Ukrayna arasında iqtisadi, mədəni, humanitar və turizm sahələrində əməkdaşlıq imkanları, perspektivli birgə layihələr, eləcə də Qax rayonu ilə əlaqələrin genişləndirilməsi məsələləri ətraflı müzakirə edilmişdir. Tərəflər regional səviyyədə əməkdaşlığın qarşılıqlı fayda verəcəyini vurğulamış və bu istiqamətdə əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsinin vacibliyini qeyd etmişlər.






