Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Qax İngiloy kəndində səyyar qəbul keçirib
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Qax İngiloy kəndində sakinlərlə görüşüb.
Görüşdə Aparatın məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak edib.
RİH başçısı əvvəlcə kənd qəbiristanlığında şəhidimizin məzarını ziyarət edib, sonra isə şəhid ailələri ilə görüşərək onların müraciətlərini dinləyib.
Kənd sakinləri ilə görüşdə rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev respublikamızda aparılan sosial-iqtisadi islahatlardan, əhalinin rifah halının yüksəldilməsi sahəsində görülən işlərdən, dövlət-vətəndaş münasibətlərinin yüksələn xətlə inkişafından danışaraq, uğurlu siyasət nəticəsində ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərdən söz açıb.
Görüşdə eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması və bu xidmətin əlçatan və üstünlükləri barədə vətəndaşlara məlumat verilərək, onlara https://rih.gov.az/ platformasından istifadə etmək tövsiyə olunmuşdur.
Səyyar görüşdə sakinlər tərəfindən kənd ərazisində məişət tullantılarının atılması üçün konteynerlərin qoyulması, Qobala çayının Qaxbaş və Qax İngiloy kəndləri ərazisindən keçən hissəsinin beton kanala alınması, məktəbin qarşısında işıqforun quraşdırılması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Hər bir vətəndaşın müraciətini dinləyən RİH başçısı Elvin Paşayev bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.






