Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev turizm sənayesinin nümayəndələri ilə görüş keçiri

11 mart 2026 | 16:10
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev turizm sənayesinin nümayəndələri ilə görüş keçirib. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov və turizm sənayesinin nümayəndələri iştirak edib.
Tədbirin əvvəlində Azərbaycan Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin Qax rayonu üzrə məsləhətçisi Anar Zehirovun “İlisu Çaykənarı İstirahət Zonası” Turizm İnkişaf Konsepsiyasının təqdimatı olub.
Sonra Azərbaycan Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov regionun turizm potensialı, Regional idarənin fəaliyyəti, həmçinin Qax-Balakən Regional Turizm Şurasının fəaliyyət istiqamətləri və turizm sahəsinə aid hazırlanan Təkliflər Planı haqda geniş məlumat verib.
Panel müzakirəsində çıxış edən Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, ümumiyyətlə, turizm xidmətin xüsusi bir sahəsi olmaqla, insanların beynəlxalq hərəkəti və yaxud səyahəti ilə bağlıdır və bu sahənin inkişafı XX əsrin ikinci yarısından başlayaraq geniş vüsət almışdır. Müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-iqtisadi inkişaf yoluna qədəm qoyan, açıq bazar iqtisadiyyatı sisteminin tələbləri əsasında inkişaf edən Azərbaycan beynəlxalq aləmə inteqrasiya prosesləri çərçivəsində dünya dövlətləri ilə iqtisadi əlaqələrini genişləndirmişdir. Ölkəmizdə bu əlaqələrin bir qolu olan beynəlxalq turizm münasibətlərinin inkişafı istiqmətində də təqdirəlayiq işlər görülmüşdür. Azərbaycanda turizm bazarının formalaşması və inkişaf tarixi də ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin sovet hakimiyyəti və müstəqillik dövründə turizmin inkişafı üçün qəbul etdiyi qərarlar və vaxtında və məqsədyönlü atılan müdrik addımlar ölkəmizdə turizmin inkişafına əlverişli zəmin yaratmışdır. 1999-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı əsasında qəbul edilmiş “Turizm haqqında qanun” və 2002-ci ildə həyata vəsiqə almış “2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı” sonrakı dövrlərdə Azərbaycanda turizm sektorunun inkişafına təkan vermişdir. Bu siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar nəticəsində turizm sahəsinin dinamik inkişafı təmin olunub, turizm iqtisadiyyatımızın aparıcı sahələrindən birinə çevrilib.
Elvin Paşayev həmçinin ölkəmizin turizm potensialı, bu sahədəki mövcud vəziyyət, o cümlədən zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan rayonumuzun turizm sahəsində böyük inkişaf perspektivləri, bölgədəki rəqabət imkanları, dövlət orqanları və özəl sektorun birgə çalışaraq turizm sektorunu daha da inkişaf etdirmək üçün birgə səylər göstərilməsinin vacibliyindən danışıb.
Keçirilən görüşdə turizm sənayesi nümayəndələrinin rəy və təklifləri dinlənilərək onları maraqlandıran suallar cavablandırılmış, mövcud problem və çətinliklərin aradan qaldırılması yolları barədə ətraflı fikir mübadiləsi aparılıb. Eyni zamanda rayonda turizm infrastrukturu və xidmətlərinin təkmilləşdirilməsi, turistlər üçün cəlbedici mühitin yaradılması, turizm təşkilatlarının təşviqi və turizm məhsullarının və tədbirlərinin tanıtımı və bir sıra məsələlər müzakirə olunub.
Görüşdə çıxış edən turizm sənayesinin nümayəndələri onlara göstərilən dövlət qayğısından razılıqlarını bildirərərək ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər