Qax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən irəli sürülmüş rəy və təkliflər xüsusi nəzarətə götürülür
Qax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən irəli sürülmüş rəy və təkliflər xüsusi nəzarətə götürülür, onların həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Rayon əhalisinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq istiqamətində bir sıra işlər görülüb.
Şəhər ərazisində, o cümlədən Qaxbaş, İlisu, Qaratala, Qaşqaçay, Armudlu və Ləkit kəndlərində istismara yararsız dayaqlar yeni metal boru dayaqlarla əvəz edilmiş, həmçinin Qaxbaş və Qaşqaçay kəndlərində elektrik xətləri yenilənmiş, Qaratala kəndində 1 ədəd Kompleks Transformator Mərkəzi quraşdrılmışdır.
Əhalinin sürətli internetə çıxışını təmin etmək və rabitə xidmətini yaxşılaşdırmaq məqsədilə “Aztelekom” MMC-nin Şimal-Qərb filialının Qax şöbəsində, Mərkəzi EATS-də 256 nömrəlik stansiya və 1 ədəd yeni nəsil transmissiya avadanlığı quraşdırılaraq istismara verilmiş, həmçinin 1063 nömrə GPON texnologiyasına qoşulmuş, ümumilikdə nömrələrin rayon üzrə sayı 13261-ə çatmışdır.
Rayonda əhalinin mavi yanacaqla da təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Belə ki, son dövrdə 129 mənzil qazlaşdırılmış və əhali abonentlərinin sayı 11379-a çatdırılmışdır. Təbii qaz itkisinin qarşısının alınması məqsədilə rayon ərazisində Qax Xidmət Sahəsi və “Təmiz Qaz” QSC tərəfindən yeraltı, yerüstü yivli və qaynaq birləşmələrində aşkar olunmuş 925 ədəd qaz sızması aradan qaldırılmışdır. O cümlədən, 130 qaz sayğacı küçə xəttinə çıxarılmış, 390 ədəd yararsız qaz kranı, 45 ədəd fərdi qaz tənzimləyicisi və 2553 ədəd istismar müddəti bitmiş qaz sayğacı yenisi ilə əvəzlənmişdir.






