Qax Rayon İcra Hakimiyyətinin başçısı "Unikal" MMC-nin istehsalat sahəsi ilə tanış olub
Ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı, yerli istehsal potensialının maksimum hərəkətə gətirilməsi və sahibkarlığa əlverişli mühitin yaradılması dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi şaxələndirmə siyasəti bölgələrin sənaye imkanlarını genişləndirməklə yanaşı, daxili bazarın rəqabətədavamlı məhsullarla təmin olunmasına zəmin yaratmışdır. Dövlət başçısının regionlarda sahibkarlığın inkişafı və yerli resurslardan səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşırıqlar Qax rayonunda da emal sənayesinin, xüsusilə mineral su istehsalı sahəsinin yüksəlişinə təkan vermişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Qaxbaş kəndində yerləşən "Unikal" MMC-nin mineral su istehsalı müəssisəsi ilə tanış olub.
Müəssisənin Qaxbaş kəndindəki müasir su sexi yüksək keyfiyyətli mineral süfrə suyu istehsalı üzrə ixtisaslaşmışdır. Hazırda bu istehsal sahəsi "Maximus" MMC tərəfindən icarə əsasında idarə olunur və burada istehsal edilən "Aqualife" brendli mineral sular ölkənin müxtəlif bölgələrinə paylanılaraq geniş alıcı kütləsi qazanmışdır. Müəssisənin gündəlik istehsal gücü mövsümdə 120 dekalitr təşkil edir.
Müasir standartlara uyğun təşkil edilmiş istehsalat prosesində 11 nəfər işçi heyəti fəaliyyət göstərir. Bu cür müəssisələrin fəaliyyəti regionda yerli brendlərin güclənməsinə, əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına, daxili istehsalın artırılmasına xidmət edir.






