Qax rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının və Qax şəhəri Vaqif Əliyev adına 3 saylı tam orta məktəbinin birgə təşkilatşılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycan” mövzusunda tədbir keçirilib
Qax rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının və Qax şəhəri Vaqif Əliyev adına 3 saylı tam orta məktəbinin birgə təşkilatşılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qax rayon İcra Hakimiyyətinin Başçısının müavini, Ərazi-təşkilat və İctimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirib ki, Ulu Öndər Heydər Əliyev siyasi lider kimi Azərbaycan dövlətinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirib və xalqı vahid məqsəd ətrafında birləşdirmişdir. Ulu Öndər xilaskarlıq missiyasını yerinə yetirərək dövlətçiliyimizi məhv olmaq təhlükəsindən qurtarmış, Azərbaycanın müstəqilliyini möhkəmləndirərək hüquqi, dünyəvi və demokratik dövlət kimi möhkəm təməllər üzərində gələcəyə inamla addımlamasını təmin etmişdir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünü hər bir azərbaycanlı ölkəmizdə və onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə qeyd edir. Vətənini daim zirvələrdə görmək istəyən və buna nail olan Ulu Öndər elə möhkəm təməl yaradıb ki, bu gün o təməlin üzərində möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha möhtəşəm uğurlara, zəfərlərə imza atır. Suverenliyimizin tam bərpası Azərbaycanın müstəqillik tarixini daha da zənginləşdirdi, dünya miqyasında daha uca zirvələrə yüksəltdi, xalqımıza neçə illərdir həsrətində olduğu sülh və əminəmanlıq, firəvanlıq sevincini bəxş etdi.
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazda yeni mənzərə yaranıb. Bu, dövlətimizin yaratdığı yeni reallıqlardan ibarətdir. Torpaqlarını işğaldan azad etdikdən sonra Azərbaycanın nəinki regionda, bütövlükdə, beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib.
Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev tədbirdə çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev yalnız siyasi lider deyil, həm də müasir Azərbaycanın memarıdır. Heydər Əliyev hələ Sovet İttifaqı dövründə Azərbaycanın gələcək müstəqilliyinin əsaslarını formalaşdırıb və Ulu Öndər Heydər Əliyevin adı Azərbaycanla, Azərbaycan dövlətçiliyi ilə, üzvi surətdə qovuşaraq danılmaz bir siyasi- tarixi həqiqəti özündə ehtiva edir. Bu gün Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Cənab Prezidentimiz İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalaraq Azərbaycanımızı daha yüksəklərə qaldırır.
Digər çıxış edənlər Vətənini, torpağını, xalqını canından artıq sevən, Ulu Öndərin zəngin həyat və fəaliyyətindən bəhs ediblər.
Çıxışlardan sonra məktəb şagirdləri Heydər Əliyev haqqında şer və təqdimat səsləndirib, musiqi və rəqs kompozisiyaları ifa ediblər. Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqələri təqdim olunub.






