Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə Heydər Əliyev Mərkəzində konfrans keçirilmişdir.
04 avqust 2026 | 12:05
Rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların, ictimaiyyət nümayəndələrinin, ziyalıların, gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə dövlət himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz və suverənliyimiz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Vəfa Heydərova bildirmişdir ki, hər bir xalqın milli mədəniyyətinin əsaslarından birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.
Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsi, hüquqi bazasının formalaşdırılması və institusional nüfuzunun yüksəldilməsi Ümummilli Lider Heydər Əliyevin adı və çoxşaxəli fəaliyyəti ilə sıx bağlıdır.
Azərbaycan dilinin bugünkü inkişaf yolu heç də hamar olmayıb. Ötən əsrin 70-ci illərində Sovet İttifaqında milli dillərin sıxışdırılması siyasəti aparıldığı, bir çox respublikalarda ana dilinin ictimai-siyasi həyatda istifadəsinin məhdudlaşdırıldığı bir dövrdə Heydər Əliyev Azərbaycan dilinin hüquqlarını qətiyyətlə müdafiə etdi.
Bu istiqamətdə atılan ən mühüm tarixi addımlardan biri 1978-ci ildə baş tutdu. Həmin il Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması ilə bağlı maddənin salınması o dövrün mürəkkəb siyasi şəraitində milli kimliyimizin qorunması baxımından olduqca cəsarətli addım idi.
Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Həmin vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı.
1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit edilmiş və onun inkişafının təmin olunması dövlətin əsas öhdəliklərindən biri kimi müəyyənləşdirilmişdir.
Ulu Öndərin təşəbbüsü ilə 2001-ci il iyulun 18-də imzaladığı Fərmana əsasən “1 Avqust - Azərbaycan Dili və Əlifbası Günü” təsis edilmiş, latın qrafikalı əlifbaya tam keçid təmin olunmuşdur. Bu tarixi addım milli ədəbi-elmi irsin müasir standartlara uyğunlaşdırılması və informasiya məkanına inteqrasiyası baxımından dönüş nöqtəsi olmuşdur. Bu qərar yalnız yazı sisteminin dəyişdirilməsi deyildi. Bu, milli müstəqilliyin möhkəmləndirilməsi, Azərbaycan dilinin dövlət dili kimi nüfuzunun artırılması və milli kimliyin qorunması istiqamətində atılmış tarixi addım idi.
Ulu Öndərin müəyyənləşdirdiyi strateji kurs bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və məqsədyönlü şəkildə davam etdirilir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar, xüsusilə " Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında " müvafiq fərmanı dilimizin lüğət tərkibinin zənginləşməsinə, kütləvi informasiya vasitələrində və rəsmi kargüzarlıqda dil normalarına ciddi əməl olunmasına zəmin yaratmışdır.
Bu gün dilimizin inkişafının əsas qarantı məhz ölkə Prezidenti, həm də onunla çiyin-çiyinə möhtəşəm layihələrə imza atan Birinci vitse-prezident Mehriban xanım Əliyevadır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın folklorumuzun, aşıq musiqisinin, muğamlarımızın, maddi və qeyri-maddi mədəni irsinin inkişafında göstərdiyi misilsiz xidmətlər ana dilimizin qorunması üçün ən vacib amillərdən biri kimi dəyərləndirilməlidr.
Azərbaycan dili dövlətimizin Konstitusiyası ilə qorunan ən mühüm milli dəyərlərdən biridir. Ana dili azərbaycançılıq ideologiyasının, milli həmrəyliyin və Vətənə bağlılığın sarsılmaz təməlidir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün ana dilini bilmək, onu qorumaq və təbliğ etmək milli vətəndaşlıq borcudur.
Azərbaycan dilinin saflığının qorunması, onun tətbiq dairəsinin genişləndirilməsi və gələcək nəsillərə dolğun şəkildə çatdırılması cəmiyyətin hər bir üzvünün müqəddəs vəzifəsidir. Ana dilinə göstərilən diqqət və ehtiram müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsinə və milli varlığımızın əbədiliyinə xidmət edir.
Son illərdə dilimizin rəqəmsal texnologiyalarda tətbiqinin genişləndirilməsi, elektron lüğətlərin hazırlanması, terminologiyanın zənginləşdirilməsi və süni intellekt platformalarında Azərbaycan dilinin inkişaf etdirilməsi istiqamətində də mühüm işlər görülür.
Avqustun 1-i bizə xatırladır ki, hər bir hərf tarixdir, hər bir söz milli yaddaşdır, hər bir cümlə isə gələcək nəsillərə ünvanlanan mənəvi mirasdır.
Tədbirdə çıxış edənlər Azərbaycan dilinin dünya dilləri içərisində layiqli yer tutmasından, zənginliyindən söz açıb, Azərbaycan dilinin və əlifbasının qorunub saxlanmasının, inkişaf etdirilməsinin bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindən olduğunu bir daha diqqətə çatdırıblar.






